Rusiyaya qarşı embarqo və qiymət tavanı fevralın 5-dən qüvvəyə mindi

G7 ölkələri və Avropa İttifaqının Rusiyadan gələn neft məhsullarına tətbiq etdiyi embarqo və qiymət məhdudiyyətləri bu gün, fevralın 5-dən artıq qüvvəyə minir.

Deməli, həmin gündən etibarən Rusiyadan neft məhsullarının idxalına qadağa tətbiq edilməyə başlayır. Bundan əlavə, Avropa İttifaqı və G7 ölkələri Rusiya neft məhsulları üçün satılan məhsulun növündən asılı olaraq (neftin qiymətinə yüksək qiymətlə və ya endirimlə) 100 və 45 dollar/barel qiymətləri tətbiq ediblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Avropa İttifaqında yeni qaydalar fevralın 5-dən etibarən Rusiya neft məhsulları ilə bağlanmış bütün əməliyyatlara şamil edilir. Bu tarixdən əvvəl bağlanmış neft məhsullarının tədarükü üzrə müqavilələr üçün 55 günlük keçid müddəti nəzərdə tutulub.

Onu da qeyd edək ki, G7 ölkələrində keçid dövrü yoxdur.

Neft məhsullarına qoyulan embarqodan istisna qazoylu idxalına davam etməyə icazə verilən Sofiya və Zaqreb, eləcə də Rusiyadan dizel yanacağını almağa davam edəcək Praqa üçün nəzərdə tutulub.

Yeri gəlmişkən qeyd edək ki, yuxarıda adları sadalananlar üçün hələ ki, əvəzedici tapmaq mümkün olmadığına görə, onlara ilin sonuna qədər idxalı davam etdirmək icazəsi verilib.

Deyim ki, hələ bu da son deyil. Belə ki, Avropa İttifaqı Rusiyadan gələn neft məhsullarının qiymət tavanını hər iki aydan bir bazar qiymətlərinə əsaslanaraq yenidən nəzərdən keçirməyi planlaşdırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə