“Moskvaya zərbələrlə bağlı qərarı Qərb deyil, Ukrayna hərbi rəhbərliyi verəcək”
Kiyev Qərbdən alınan silah və hərbi texnikanın Moskvaya və Rusiyanın qalan hissəsinə zərbələr endirmək üçün istifadə olunmayacağına zəmanət verə bilməz.
Qeyd edək ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenskinin nümayəndəsi Fyodor Venislavski deyib.
SİA-nın belarus saytlarından əldə etdiyi məlumata görə, ukraynalı səlahiyyətli bunu Almaniyanın “Bild” nəşrinə verdiyi müsahibəsində bəyan edib.
Venislavski Qərb silahlarının Rusiyadakı hədəflərə qarşı istifadə edilməməsini “paralel dünyadan gələn ideya” adlandırıb. O qeyd edib ki, bəzi qərbli ekspertlər, görünür, bu “paralel dünyada” mövcuddurlar və ona görə də Ukraynadan belə təminatlar gözləyirlər.
“...Ukraynanın Rusiya ərazisinə zərbə endirməsi, əlbəttə ki, Qərb silahları da daxil olmaqla qanunidir. Ukraynaya qarşı müharibənin aparıldığı bütün hərbi obyektlər qanuni hərbi hədəflərdir. Təbii ki, bu, Moskvaya da aiddir”, - deyə Ukrayna prezidentinin nümayəndəsi bildirib.
Venislavski qeyd edib ki, Kiyevin qanuni hədəfləri istisnasız olaraq Rusiyanın öz raketlərini və digər silahlarını saxladığı yerlər, o cümlədən Moskva da daxil olmaqla hər bir komanda mərkəzidir. Onun sözlərinə görə, Rusiya ərazisinə zərbələrlə bağlı bütün qərarları Qərb siyasətçiləri deyil, yalnız Ukrayna hərbi rəhbərliyi verəcək.
Xatırladaq ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın Krıma hücum edəcəyi təqdirdə Kiyevlə danışıqlardan tamamilə imtina edəcəyi ilə hədələmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB