Krım atəşə tutulacağı təqdirdə...

...Ukrayna danışıqlarla deyil, cavab tədbirləri ilə üzləşəcək

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kiyevi vəziyyətin gərginləşəcəyi və Ukraynanın Krıma zərbə endirəcəyi təqdirdə danışıqlardan tamamilə imtina edəcəyi ilə hədələyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, siyasətçinin mövqeyini teleaparıcı Nadana Fridrixson öz Telegram kanalında dərc edib.

Qeyd edək ki, bu günlərdə Nadana Fridrixson Dmitri Medvedevdən “Bloomberg”ın ABŞ-ın Kiyevə Krıma raket zərbələri endirməsinə icazə verərsə, Rusiyanın danışıqlara razılıq verməyə məcbur olacağını təklif edən fikrinə münasibət bildirməsini istəyib.

“Nəticə tam əksi olacaq. Bu halda heç bir danışıqlar olmayacaq, yalnız cavab zərbələri olacaq. Kiyevin hakimiyyəti altında qalan bütün Ukrayna yanacaq”, - deyə Medvedev cavab verib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin fikrincə, əgər Amerika hakimiyyətinin Ukraynada onların təxribatları ilə törətdiyi hərbi münaqişəni sona çatdırmaq üçün real istəyi olsaydı, barmaqlarını çırtlamaqla bunu edə bilərdilər. Medvedevin sözlərinə görə, amma Vaşinqton bunda sadəcə maraqlı deyil.

Xatırladaq ki, bundan əvvəl Rusiya Dövlət Duması ABŞ-a Krıma mümkün raket hücumunun nəticələri barədə xəbərdarlıq etmişdi. Deputat Mixail Şeremetin sözlərinə görə, Amerikanın Krım yarımadasına raket zərbələri ABŞ tərəfindən müharibə elanı kimi qiymətləndiriləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə