Avropa İttifaqı Fələstinə 199 milyon avro yardım edəcək

Avropa İttifaqı Fələstinə 199 milyon avroluq maliyyə yardımı paketi açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Aİ-nin Fələstin ofisindən verilən açıqlamada, Fələstinə yardım paketi üçün işğal altındakı İordan çayının qərb sahilinin Ramallah şəhərində mərasim təşkil edildiyi bildirilib. Mərasimdə Fələstin prezidenti Mahmud Abbas və Fələstinin baş naziri Məhəmməd Ştiyya, həmçinin Fələstinin maliyyə naziri Şükri Başar və Aİ nümayəndələri iştirak edib və əlavə ediblər ki, Fələstinə yeni yardım paketi 199 milyon avrodur.

Açıqlamada, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) verilən maliyyə dəstəyinin 97 milyon avroya çatdığı ifadə edilərək, 2022-ci il büdcə ayırmalarına uyğun olaraq, Aİ-nin Fələstin xalqına etdiyi yardımlar vurğulanıb. Ümumilikdə yardımlar cəmi 296 milyon avroya çatıb.

Aİ-nin Fələstin üzrə nümayəndəsi Sven Kühn von Burgsdorff mərasimdəki çıxışında Fələstin məsələsində iki dövlət həllinə sadiq olduqlarını vurğulayıb. Burqsdorff, Aİ-nin Fələstin və İsrail arasında razılaşmalara əməl olunmasını tələb edəcəklərini və iqtisadi və maliyyə islahatları üçün Fələstin hökuməti ilə işləməyə davam edəcəklərini bildirib.

Digər tərəfdən Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan xəbərə görə, Fələstin prezidenti Abbas, iki dövlətli həllə siyasi dəstəyi və beynəlxalq toplantılarda Fələstin xalqına verdiyi dəstəyə görə Aİ-yə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə