Salvadorda Amerika qitəsinin ən böyük həbsxanası

Mərkəzi Amerika ölkəsi Salvadorda Amerika qitəsinin ən böyük həbsxanası istifadəyə verilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Salvador prezidenti Nayib Bukele Tekoluka şəhərindəki vadilərdən birində 166 hektar sahədə 40 min tutumlu Amerika qitəsində ən böyük həbsxananın açılışını edib.

Bukele özünün tviter hesabında ölkəsində şəbəkələrlə mübarizə məqsədilə inşa edilən və Amerika qitəsinin ən böyük həbsxanası olduğu bildirilən Terrordan Mühafizə Mərkəzi ilə bağlı paylaşım edib.

Prezident Bukele "Fevralın 1-də Terrordan Mühafizə Mərkəzinin açılışını etdik. Bu, cəmi 7 ay ərzində həyata keçirilib və quldur dəstələrinə qarşı müharibədə tamamilə qələbə qazanılmasında ciddi faydası olacaq" deyib.

Ədliyyə və ictimai təhlükəsizlik nazirinin müavini Osiris Luna da bu mərkəzin ən son texnoloji imkanlarla tikildiyini və həbsxananı gecə-gündüz 600 əsgər, 250 polis və mühafizəçinin izləyəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə