Ölkədən soğan-kartof aparmaq qadağandır!

Tacikistan hakimiyyəti soğan, kartof və yerkökü ixracına qadağa qoyub. Bu qərar kənd təsərrüfatı məhsullarının bahalaşması fonunda verilib və bu qadağa “bazar sabitləşənə qədər” qüvvədə olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, Tacikistanın kənd təsərrüfatı naziri Kurbon Hakimzoda yanvarın 30-da Düşənbədə mətbuat konfransı zamanı bildirib ki, qərar bir həftə əvvəl verilib. İndi ölkə bazarlarında soğanın bir kiloqramının qiyməti 8-9 manat, kartofun qiyməti 4-5 manat, kök 4-6 manat arasındadır. Sakinlər dəfələrlə kənd təsərrüfatı məhsullarının bahalaşmasından narahat olduqlarını bildiriblər.

Bu gün soğanın bahalaşdığını təsdiqləyən tacik nazir, qeyd edib ki, bu vəziyyət Tacikistan üçün müstəsna deyil, Orta Asiyanın digər dövlətlərində, Pakistan və Əfqanıstanda soğan bahalaşıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il Tacikistanda 727 min ton soğan istehsalı nəzərdə tutulsa da, az toplanıb - 672 min ton. Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2022-ci ildə 2021-ci illə müqayisədə 2500 hektar az soğan əkilib.

Yeri gəlmişkən qeyd edək ki, bu il Orta Asiya ölkələrində qış çox sərt keçir. Bu soyuqlar yerli sakinlərlə yanaşı, həm fermerləri, həm də kənd təsərrüfatı məhsulları satıcılarını narahat etməkdədir. Onu da qeyd edək ki, şiddətli şaxtalar səbəbindən məhsullarını saxlaya bilməyənlər tərəvəz və meyvələrin xarab olmasından çox narahatdırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə