"Rusiyada doqquz mindən çox insan qanunsuz səfərbər edilib"

Rusiya Baş prokuroru İqor Krasnov Vladimir Putinlə görüşü zamanı, qanunsuz səfərbərliklə bağlı şikayətlərə baxılması nəticəsində prokurorluq doqquz mindən çox qanunsuz səfərbər edilmiş rusiyalının vətənə qayıtması barədə göstəriş verdiyini bildirib.

SİA Krasnovun dediklərinə istinadən geri qaytarılanlar arasında sağlamlıqlarına görə səfərbər edilməməli olanların da olduğunu bildirir.

Qeyd edək ki, əvvəllər səfərbər olunan ruslar və onların qohumları haqsızlıqdan şikayət edirdilər. Belə ki, hərbi komissarlıqlar hamını siyahıya salırdı: heç vaxt orduda xidmət etməyənləri, insultdan, infarktdan, insulindən asılı diabet xəstələrini və hətta xəsarətlərdən sonra çətinliklə hərəkət edə bilən insanları da səfərbər edirdilər.

Bəlkə də elə bunun nəticəsidir ki, Rusiya ordusunda fərarilik baş alıb geirdi.

Amma sentyabrın 29-da Vladimir Putin səfərbərlik zamanı çoxsaylı səhvlərə yol verildiyini etiraf etmişdi. O, onların islah edilməsini, həmçinin hərbi komissarların qanunsuz olaraq hərbi xidmətə götürdüyü şəxslərin vətənə qaytarılmasını tələb etmişdi.

Qeyd edək ki, müxtəlif səbəblərdən səhvən hərbi xidmətə çağırılan 10 minə yaxın səfərbər edilmiş rusiyalı artıq vətənə qayıdıb.

Bunu ötən il oktyabrın 21-də Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə