Əlverişsiz hava şəraiti Əfqanıstanı iflic edib

Əfqanıstanda son üç həftə ərzində təsirini artıran əlverişsiz hava şəraiti səbəbindən donaraq ölənlərin sayı 170-i ötüb.

SİA-nın əldə etdiyi məlumata görə, havanın temperaturu gecə saatlarında paytaxt Kabildə mənfi 10, bəzi bölgələrdə isə 30 dərəcə olub.

"Taliban" müvəqqəti hökuməti Təbii Fəlakətlər Nazirliyinin sözçüsü Şəfiullah Rəhimi ölkə daxilində ən azı 170 nəfərin donaraq həyatını itirdiyini bildirərək deyib: “Ən çox itki Qor, Bədəhşan, Bamyan, Paktika və Paktiya əyalətlərindədir. Bu yerlərdə, xüsusilə Hindikus dağlarında çoxlu kənd var. Bizə bu günlərdə beynəlxalq kömək 100 faiz vacibdir, çünki yardımlarımız kifayət etmir, bizdə ləvazimat çatışmazlığı var. Ehtiyacı olan insanlara kömək etmək mümkün olmasa, vəziyyət nəzarət altına alına bilməz".

Əfqanıstanda sərt qış şəraiti iqtisadiyyata mənfi təsir göstərir.

"Taliban" administrasiyasının Kənd Təsərrüfatı, Suvarma və Heyvandarlıq Nazirliyinin sözçüsü Mubahiddin Mustain bildirib: “20 əyalətdə 129 mini qoyun və keçi olmaqla təxminən 260 min xırda və iribuynuzlu heyvan tələf olub. Bundan başqa, soyuq havalarda artan tələbatı ödəyə bilmədiyi üçün ölkə ərazisində saatlarla elektrik enerjisi kəsilir. Hətta paytaxt Kabilin mərkəzini belə gündə maksimum 8-10 saat elektrik enerjisi ilə təmin etmək olur”.

Bütün xəbərlər Facebook səhifəmizdə