Türkiyə parlamentinin sədri Əlcəzairdə

Türkiyə-Əlcəzair əlaqələrində qısa müddətdə əldə edilən irəliləyişdən məmnunluğunu ifadə edən M.Şentop deyib...

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlamentlər Birliyinin (İSİPAB) 17-ci Konfransı çərçivəsində səfərdə olduğu Əlcəzairdə həmkarı İbrahim Buqali ilə görüşüb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyə-Əlcəzair əlaqələrində qısa müddətdə əldə edilən irəliləyişdən məmnunluğunu ifadə edən M.Şentop deyib: “Münasibətlərimizin etimad, qarşılıqlı anlaşma və ümumi maraqlar çərçivəsində inkişafı regionumuzun sabitliyi və firavanlığı üçün də vacibdir.

İSİPAB toplantısı İslam dünyasının ortaq problemlərinin müzakirə olunduğu mühüm platformalardan biridir.

İslam ölkələrindən kənarda yaşayan 400 milyon müsəlman sistemli və ya fərdi şəkildə insan hüquqları pozuntularına məruz qalır.

Türkiyə İSİPAB-a dövri sədrliyi zamanı qurduğu Müsəlman İcmaları və Azlıqlar Komitəsinin gördüyü işlərin nəticəsi olaraq geniş hesabat hazırlayıb. Müsəlmanlara qarşı ksenofobiya, ayrı-seçkilik və nifrət cinayətlərinin ISIPAB-a daxil olmayan ölkələrdə ciddi şəkildə artdığı və zaman-zaman dövlət siyasəti kimi dəstəkləndiyi müəyyən edilib. Növbəti dövrdə bu komitə İSİPAB üzvü olmayan ölkələrdəki müsəlman azlıqların insan hüquqlarının pozulması ilə bağlı hesabat verəcək. Bunun üçün müxtəlif araşdırmalar, təhqiqatlar və bölgə səfərləri həyata keçiriləcək.

Komitənin ilkin hesabatını hazırlayarkən Qərbi Avropa ölkələrindən müsəlmanların daha çox yaşadığı Almaniya və Fransa, müsəlmanların azlıq təşkil etdiyi və ciddi hüquq pozuntularına məruz qaldığı Myanma nümunələri araşdırılıb. Qərb ölkələri müsəlmanlara gəldikdə dəyərlərinə və normalarına ikiüzlülüklə məhəl qoymurlar. Hesabat bu həqiqətləri göstərmək baxımından çox faydalı olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə