Qadınların universitetə qəbul imtahanlarında iştirakı qadağan edildi
Əfqanıstanda “Taliban” hökumətinin Təhsil Nazirliyi özəl universitetlərə qadınların qəbul imtahanlarına buraxılmasını qadağan edib. Nazirliyin məktubunda qadağanı pozan universitetlərin məhkəmə qaydasında məsuliyyət daşıyacağı bildirilir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu gün Əfqanıstanda 40 dövlət və 150 özəl universitet var.
Qeyd edək ki, Əfqanıstan universitetlərinə növbəti qəbul imtahanları fevralın sonunda keçirilməlidir.
2022-ci ilin dekabrında Əfqanıstanda artıq qeydiyyatdan keçmiş qız tələbələrin universitetlərə girişi dayandırılıb. Bundan əlavə “Taliban” hökuməti qadınların qeyri-hökumət təşkilatlarında işləməsini qadağan edib.
Onu da qeyd edək ki, hazırda ölkədə onların, qeyri-hökumət təşkilatlarının sayı 180-ə yaxındır.
Məhz elə bu qadağaya görə də BMT ölkədəki bəzi humanitar proqramları dayandırıb. “Taliban” da əksər məktəblərdə qızların orta məktəbə getməsinə icazə vermir.
Dünya ictimaiyyəti “Taliban”ın hakimiyyətə gəlişindən sonra Əfqanıstanda qadın hüquqlarının pozulmasını qətiyyətlə pisləyir. ABŞ da daxil olmaqla xarici hökumətlər bildiriblər ki, ölkələr “Taliban” administrasiyasını rəsmən tanımaq barədə düşünməzdən əvvəl “Taliban” qadınların təhsili ilə bağlı siyasətini dəyişdirməlidir.
Qeyd edək ki, Josep Borrell gender əsaslı təcavüzü “insanlığa qarşı cinayət” adlandırıb.
Yeri gəlmişkən, hələ o vaxt, 2021-ci ilin avqustunda hakimiyyətə gələn “Taliban” qadınların hüquqlarına hörmətlə yanaşacağını vəd etsə də, tezliklə məhdudiyyətlər qoymağa başladı.
Belə ki, 2021-ci ilin sentyabrında onlar universitetlər üçün qaydaları dəyişdilər: kişilər və qadınlar ayrı-ayrılıqda təhsil almalı və ciddi geyim koduna uyğun olaraq dərsə gəlməli idilər. Bu da “Taliban”ın başa düşdüyü kimi İslam ənənələrinə tam riayət etməyi nəzərdə tutur.
İslamçılar 20 illik qadın işləri nazirliyini ləğv etdilər, qızların məktəbdə təhsil almasını məhdudlaşdırdılar, qadınların idmanla məşğul olmasına qadağa qoydular, televiziya aparıcıları hicab taxmağa məcbur edildi.
Xatırladaq ki, “Taliban” hərəkatı hələ də dünyanın bir çox ölkəsində terrorçu kimi tanınır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB