“Quranın yandırılma səbəbi Qərbdə İslama olan nifrətdir”

Bu arada Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “24 TV”nin efirindən Avropa ölkələrini Qurana hücumları söz azadlığı ilə əsaslandırmamağa çağırıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Kalın, söz azadlığı baş verənləri susdurmaq, utanc, təhqir və müqəddəs dəyərlərə hücuma haqq qazandırmaq üçün səbəb ola bilməyəcəyini deyib.

O, Avropanı bu cür hücumların qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, Eyni fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ da bölüşüblər.

Çavuşoğlunun sözlərinə görə, Avropanın, xüsusən də İsveç və Danimarkanın davranışı ikili standartlar siyasətidir.

Bozdağ əmindir ki, Avropada Quranın yandırılmasının səbəbi İslama nifrətdir.

Rusiya Xarici İşlər Nazirliyi də hesab edir ki, bu cür hərəkətlər dinlərarası nifrət doğurur və dindarların hisslərini təhqir edir.

Yeri gəlmişkən xatırladaq ki, Avropada Quran yandırılması son günlər mütəmadi olaraq Danimarka radikalları tərəfindən həyata keçirilir.

Belə ki, əvvəlcə yanvarın 21-də Rasmus Paludan Türkiyənin İsveçin paytaxtındakı səfirliyi yaxınlığında Quranı yandırıb, yanvarın 23-də onun tərəfdarı Edvin Vaqensveld Haaqada eyni hərəkəti təkrarlayıb.

Sonra, yanvarın 27-də Paludan artıq Danimarkada bir gündə üç Quranı yandırıb: bir müqəddəs İslam kitabı məscidin yaxınlığında, ikincisi - Rusiya səfirliyinin konsulluq şöbəsində, üçüncüsü - Türkiyə səfirliyi yaxınlığında.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə