Peruda etiraz aksiyalarında ölәnlәrin sayı artır

Peruda etiraz aksiyalarında ölәnlәrin sayı artır

Peruda prezident Dina Boluartenin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edən etirazçılar ilə polis arasında baş verən qarşıdurmalar nəticəsində həyatını itirənlərin sayı 59 nəfərə çatıb.
SİA-nın əldə etdiyi məlumata görə, paytaxt Limada bir araya gələn həmkarlar ittifaqları, müxtəlif qeyri-hökumət təşkilatları və tələbələr bir müddət yürüş etdikdən sonra polislə toqquşub.

Təhlükəsizlik qüvvələri barrikada quran və daş atan etirazçılara gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib.

Perunun Desaquadero şəhərində 4 Haiti vətəndaşının, cənubda isə daha 2 nəfərin həlak olmasından sonra hökumət əleyhinə nümayişlərdə ölənlərin sayı 59-a yüksəlib.

Baş nazir Alberto Otarola 4 haitilinin ölümünə görə kədərləndiklərini və bu insanların yolların bağlı olması səbəbindən xəstəxanaya çatdırıla bilmədiklərini bildirib.

Prezident Dina Boluarte Prezident İqamətgahında keçirdiyi mətbuat konfransında istefa ilə bağlı yayılan iddiaları təkzib edib.

Prezident Boluarte yanvarın 10-da nümayişçiləri bir daha dialoqa çağırıb və etirazların dayandırılmasını tələb edib.
Xatırladaq ki, ölkənin keçmiş prezidenti Pedro Kastilyo Konqresi buraxmaq və fövqəladə vəziyyət höküməti yaratmaq qərarından sonra saxlanılmışdı.
Onun saxlanılmasından sonra vitse-prezident Boluarte ölkənin yeni prezidenti kimi and içmişdi.
Pedro Kastilyonun dekabrın 7-də Konqres tərəfindən vəzifəsindən azad edilərək həbsxanaya göndərilməsindən sonra ölkədə etiraz aksiyaları başlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə