Rusiyanın təcavüzünü dəstəkləyən deputat mandatından məhrum edilib

Bundan əlavə o, təmsil olunduğu partiyadan da qovulub
Rusiyanın təcavüzünü dəstəkləyən deputat mandatından məhrum edilib

Qazaxıstan Mərkəzi Seçki Komissiyası Rusiya prezidenti Vladimir Putinin siyasətini və Ukraynaya hərbi müdaxiləni dəstəkləyən deputat Əzəmət Abildayevi vəzifəsindən azad edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bundan əvvəl o təmsil olunduğu “Ak Yol” partiyasından da qovulub.

Qeyd edək ki, VII çağırış Qazaxıstan parlamentinə daxil olan üç partiyadan biri olan “Ak Yol” partiyası Mərkəzi Seçki Komissiyasına müraciət edib. Bundan əvvəl partiya milli şuranın plenumunu çağırmışdı, buna səbəb Abildayevin “Azadlıq” radiosunun qazax xidmətinə müsahibəsində Ukrayna ilə müharibədə Rusiyanı dəstəklədiyi barədə sözləri olub.

Maraqlıdır ki, partiyanın üzvləri əvvəlcə bunun onun “şəxsi fikri” olduğunu bildirdilər. Amma sonradan “Ak Yol” partiyasının sədri Azat Peruaşev, Abildayevin açıqlamalarını “Ak Yol” partiyasının mövqeyinə zidd olduğunu və həmçinin partiya ilə yanaşı deputat etikasını da pozduğunu bildirib.

Beləliklə, Mərkəzi Seçki Komissiyası Qazaxıstanın “Ak Yol” ictimai birliyinin milli şurasının 19 yanvar 2023-cü il tarixli qərarı əsasında Abildayevin mandatını geri götürmək barədə qərar qəbul edib.

Yeri gəlmişkən xatırladaq ki, ötən gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin fərmanı ilə buraxılan parlamentə martın 19-da növbədənkənar deputat seçkiləri keçiriləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə