Ukraynaya yeni “görünməmiş hərbi yardım paketi”

Ukraynaya yeni “görünməmiş hərbi yardım paketi”

Böyük Britaniya, Latviya, Litva, Polşanın müdafiə nazirləri, həmçinin Danimarka, Çexiya, Hollandiya və Slovakiyanın nümayəndələri Ukraynaya silahla bağlı yeni “görünməmiş təmənnasız yardım paketi” barədə razılığa gəliblər.

SİA-nın əldə etdiyi məlumata görə, Britaniya hökumətinin cümə axşamı Estoniyada keçirilən görüşdən sonra yaydığı bəyanatda deyilir ki, bura "əsas döyüş tankları, ağır artilleriya, hava hücumundan müdafiə sistemləri, sursatlar və piyada döyüş maşınları" daxildir.

Sənəddə Britaniyanın Ukraynaya yeni hərbi yardım paketinə 14 “Challenger 2” tankı və 30 ədəd AS90 özüyeriyən haubitsadan ibarət eskadrilyadan əlavə nələrin daxil olacağı barədə əvvəllər açıqlanmamış məlumatlar verilir.

Zirehli bərpa maşınları, mina sahələrinin təmizlənməsi və ponton körpülərinin tikintisi üçün avadanlıqlar, artilleriya atəşinin korreksiyası üçün onlarla dron ağır hərbi texnikaya daxil ediləcək.

Qeyd olunur ki, Ukraynaya “yüzlərlə zirehli və mühafizə olunan texnika”, 100 min artilleriya mərmisi, həmçinin yüzlərlə raket, o cümlədən GMLRS ailəsinin idarə olunan raketləri və Starstreak MANPADS, orta mənzilli zenit raketləri, habelə tankları məhv etmək üçün hazırlanmış 600 Brimstone raketi veriləcək.

Bundan əlavə, Kiyev ehtiyat hissələri alacaq ki, bu da Britaniya hərbçilərinin hesablamalarına görə, yüzə qədər Ukrayna zirehli texnikasını, o cümlədən tankları bərpa etməyə imkan verəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə