Peruda etiraz aksiyalarında ölәnlәrin sayı 53 nәfәrә çatıb

Peruda etiraz aksiyalarında ölәnlәrin sayı 53 nәfәrә çatıb

Peruda prezident Dina Boluartenin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edən etirazçılar ilə polis arasında baş verən toqquşmalarda ölənlərin sayı 53 nəfərə çatıb.

Carabaya vilayətinin Macusani qəsəbəsində işləyən həkim İvan Fernandez etirazlarda baş verən qarşıdurmalar nəticəsində 2 nəfərin həyatını itirdiyini, 1 nəfərin isə yaralandığını açıqlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hadisədən sonra nümayişçilər polis bölməsini və məhkəmə binasını yandırıblar.

Macusani polisi bildirib ki, təhlükəsizlik qüvvələri yandırılan polis bölməsini helikopterlə tərk etməli olub.

Dekabrın 11-dən bəri hökumət əleyhinə keçirilən nümayişlərdə həyatını itirənlərin sayı 53 nəfərə yüksəlib, yaralananların sayı isə 700-ü keçib.

Ombudsman Aparatının məlumatına görə, etirazlarda ölən 53 nəfərdən azı 42-si təhlükəsizlik qüvvələrinin birbaşa müdaxiləsi nəticəsində dünyasını dəyişib.
Prezident Boluarte yanvarın 10-da nümayişçiləri bir daha dialoqa çağırıb və etirazların dayandırılmasını tələb edib.
Xatırladaq ki, ölkənin keçmiş prezidenti Pedro Kastillo Konqresi buraxmaq və fövqəladə vəziyyət höküməti yaratmaq qərarından sonra saxlanılmışdı.
Onun saxlanılmasından sonra vitse-prezident Boluarte ölkənin yeni prezidenti kimi and içmişdi.
Pedro Kastilyonun dekabrın 7-də Konqres tərəfindən vəzifəsindən azad edilərək həbsxanaya göndərilməsindən sonra ölkədə etiraz aksiyaları başlamışdı.
Peru Ali Məhkəməsi dekabrın 30-da Kastiloya verilən 18 aylıq həbs cəzasına etirazı rədd edərək, cəzanın davam etdirilməsinə qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə