"Özbəkistan ilə imzaladığımız saziş bütün regionun maraqlarına cavab verir"

Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev bildirib ki, ölkəsi ilə Özbəkistan arasında imzalanan sərhəd sazişi bütün regionun maraqlarına cavab verir.
"Özbəkistan ilə imzaladığımız saziş bütün regionun maraqlarına cavab verir"

Nazir Kulubayev dövlət radiosunda müsahibəsində bu barədə danışıb. Özbəkistanla 30 ildir davam edən sərhəd ilə bağlı danışıqların yekunlaşdığını ifadə edən nazir iki ölkə arasında imzalanan sərhəd müqaviləsinin bütün regionun maraqlarına cavab verdiyini, Rusiya, Qazaxıstan və Avropa ölkələrinin Qırğızıstan və Özbəkistan arasında imzalanan sərhəd razılaşmasını yüksək qiymətləndirdiklərini vurğulayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Qırğızıstan-Özbəkistan sərhədinin müəyyən edilməsinə dair razılaşmaya əsasən, Özbəkistan Qırğızıstana 19 min 699 hektar torpaq verəcək.

Əndican bəndinin birgə idarə edilməsinə dair müqavilə çərçivəsində isə, bəndin yerləşdiyi 4485 hektar ərazi Özbəkistana qaytarılacaq.

Özbəkistan qırğızların su ehtiyatlarına pulsuz və maneəsiz çıxışını təmin edəcək. Ancaq su ehtiyatları üzərində əlavə tikililər tikməyəcək.

Özbəkistanla Qırğızıstan arasında 1379 kilometrlik ümumi sərhəd var. İllərdir ki, tərəflər sərhədin 200 kilometrlik hissəsi ilə bağlı razılığa gələ bilmirdilər.

Digər tərəfdən Özbəkistan prezidenti Şevkət Mirziyoyevin gələn həftə Qırğızıstanın paytaxtı Bişkekə səfəri gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə