Antonio Quterreş Dnepr şəhərinə endirilən zərbələri pisləyib

Antonio Quterreş Dnepr şəhərinə endirilən zərbələri pisləyib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinə raket hücumunu qətiyyətlə pisləyib.

SİA-nın əldə etdiyi məlumata görə, BMT-nin baş katibinin sözçüsü Stefan Tremblay Quterreşin azı 40 nəfərin ölümü, çox sayda insanın yaralanması və onlarla insanın itkin düşməsinə səbəb olan raket hücumunu qətiyyətlə pislədiyini bildirib.

Tremblay deyib: “Baş katib mülki vətəndaşlara və mülki infrastruktura qarşı hücumların beynəlxalq humanitar hüququ pozduğunu bildirir”.

Antonio Quterreşin sözügedən hücumlara ən qısa zamanda son qoyulmasının vacibliyini vurğuladığını bildirən Tremblay BMT baş katibinin Dneprə edilən hücum nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verdiyini və yaralılara şəfa dilədiyini qeyd edib.

Yanvarın 14-də Rusiya ordusunun Dnepr şəhərində 9 mərtəbəli yaşayış binasına endirdiyi raket hücumu nəticəsində aralarında uşaqların da olduğu 40 dinc sakin həyatını itirib, 75-i yaralanıb.

Hücumdan sonra Dneprdə üç günlük matəm elan edilib.

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Dneprə endirilən raket zərbələri ilə bağlı ittihamları rədd edərək deyib: "Rusiya ordusu yaşayış məntəqələrinə və sosial infrastruktur obyektlərinə hücum etmir''.

Bütün xəbərlər Facebook səhifəmizdə