Efiopiyada toqquşmalarda 600 min nəfərin öldüyü güman edilir

Efiopiyada toqquşmalarda 600 min nəfərin öldüyü güman edilir

Afrika Birliyinin Afrika Buynuzu üzrə Xüsusi Nümayəndəsi Olusegun Obasanjo Efiopiyanın şimalında ordu ilə üsyançılar arasında 2 ildir davam edən qarşıdurmada 600 minə yaxın insanın həyatını itirdiyini təxmin etdiklərini bildirib.

İngilis "Financial Times" qəzetinə açıqlama verən xüsusi nümayəndə və keçmiş Nigeriya prezidenti Obasanjo vasitəçiləri ilə hər gün orta hesabla 1000 insanın həyatını itirdiyi müharibəni dayandırdıqlarını vurğulayaraq, mühabirə müddətində 600 minə yaxın insanın həyatını itirdiyini təxmin etdiklərini ifadə edib.

Toqquşmalarda neçə nəfərin öldüyünə dair rəsmi məlumat olmasa da, Tiqray hadisələrini izləyən Belçika Gent Universitetinin tədqiqatçılarına görə, cəbhədə 200-300 min, yaşayış məntəqələrində isə 300-400 min dinc sakin həlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, Tiqray Xalq Azadlıq Cəbhəsinin (TPLF) ağır silahlarını Efiopiya ordusuna təhvil verməsindən sonra Amhara əyalətinin qoşunları keçən həftə Tiqraydan geri çəkilib.

TPLF həmçinin müharibə zamanı insan haqlarını pozmaqda ittiham olunan Amhara və Eritreya qüvvələrinin Tiqraydan çıxarılmasını tələb edib.

Milli ordu ilə TPLF arasında 2020-ci ilin noyabrında başlayan qarşıdurmalar düz 2 il sonra, 2022-ci ilin noyabrında əldə edilən razılaşma ilə sona çatıb. Efiopiya ordusu tərksilah etməyə razılaşan TPLF-ni terror təşkilatları siyahısından çıxaracağını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə