Akayevə qarşı korrupsiya ilə bağlı cinayət işinə xitam verilib

Akayevə qarşı korrupsiya ilə bağlı cinayət işinə xitam verilib

Qırğızıstanda ölkənin keçmiş prezidenti Əsgər Akayevə qarşı “Kumtor”un işlənməsi ilə bağlı cinayət işinə xitam verilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri Qırğızıstan Baş Prokurorluğun mətbuat xidməti də təsdiqləyib.

Əvvəla, “Kumtor” qızıl yatağı barədə. Qeyd edək ki, “Kumtor” qızıl yatağı Qırğızıstanın İssık-Kul bölgəsində, Bişkekdən 350 km məsafədə yerləşir. Q qeyd edək ki, bu qızıl yatağı Perudakı Yanacoça qızıl mədənindən sonra ikinci ən yüksək dağ qızıl mədənidir. Nə isə bizlik deyil deyə, qayıdaq Əsgər Akayevin “yanına”...

Deməli, Qırğızıstan mətbuatının məlumatına görə, Akayevin iştirak etdiyi işə iddia müddətinin başa çatması səbəbindən xitam verilib.

Xatırladaq ki, Qırğızıstanın birinci prezidenti Əsgər Akayev Bişkekdə 2021-ci ilin avqustunda saxlanmışdı. Özü də maraqlıdır ki, o Bişkekə gözlənilmədən uçub gəlmişdi.

Buna qədər devrilmiş dövlət başçısı Moskvada yaşayırdı. Bişkekə gəlməkdə məqsədi isə “Kumtor” cinayət işinin istintaqına kömək etməyə hazır olması ilə əlaqədar olmuşdu.

Yeri gəlmişkən, Əsgər Akayev dörd dəfə yenidən dövlət başçısı seçilən Qırğızıstanın ilk prezidentidir. 2005-ci il martın 24-də Qırğızıstanda tarixə “lalə inqilabı” adı ilə daxil olmuş xalq iğtişaşları baş verdi. Parlament seçkilərinin nəticələri o zaman vətəndaşların narazılığını ifadə etməyə səbəb oldu. Martın 4-dən başlayaraq bütün respublikada yerli hakimiyyət müxalifətin əlinə keçdi. Martın 24-də isə Bişkekdə bir neçə siyasi qüvvələrin böyük mitinqi baş tutdu, nəticədə o vaxta qədər ölkəni 15 il idarə etmiş Akayev devrildi. O, ailəsi ilə birlikdə Moskvaya qaçdı.

Sonradan Qırğızıstan hakimiyyəti dəfələrlə Rusiyadan Akayevin deportasiyasını tələb etsə də, rədd cavabı almışdı. Akayev Qırğızıstandan qaçdıqdan sonra Moskvada yaşayıb və Moskva Dövlət Universitetində dərs deyib.

Nazlı Almuradova

.

Bütün xəbərlər Facebook səhifəmizdə