Daşkənddə pulsuz plov paylanır...

Daşkənddə pulsuz plov paylanır...

Anormal soyuq hava ilə əlaqədar Daşkənd administrasiyası şəhərin ziyafət salonlarında pulsuz plov paylamağa başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Azadlıq” radiosunun özbək buraxılışı paytaxt meriyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Beləliklə, yanvarın 12-dən 16-dək Daşkənddə plovun pulsuz paylanacağı bildirilir.

Qeyd edək ki, artıq dünəndən başlayaraq, paytaxtın beş ziyafət salonunda pulsuz plov paylanması təşkil olunub. Daşkənd şəhər administrasiyanın “Telegram” kanalı pulsuz plov paylanan banket zallarının siyahısını və pulsuz plovun paylanma saatlarının vaxtını dərc edib.

Onu da bildirək ki, plov hər yoldan keçənə yox, yoxsul vətəndaşlara, kommunal xidmət işçilərinə və yollarda keşik çəkən mühafizəçilərə... pulsuz paylanacaq.

Maraqlıdır ki, meriyanın mətbuat xidməti hər ziyafət zalında neçə kiloqram plov bişiriləcəyini, hansı ardıcıllıqla paylanacağını açıqlamayıb.

...Bundan əlavə, plovun paylanma saatını ötürənlərin plovsuz qalma ehtimalı böyükdür.

Və sonda bildirək ki, bu il Daşkənddəki soyuqlar əvvəlki illərin soyuğuna bənzəmir. Belə ki, yanvarın 10-dan başlayaraq Özbəkistanda havanın temperaturu gecələr mənfi 17, gündüzlər isə 8-10 dərəcə şaxtaya enib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə