Ruslar deyir ki, Soledar şəhəri artıq bizdədir

Ruslar deyir ki, Soledar şəhəri artıq bizdədir

Rusiya Müdafiə Nazirliyi yanvarın 12-də Donetskin Soledar şəhərinə nəzarəti tamamilə ələ keçirdiklərini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Rusiya ordusunun Ukraynadakı müharibədəki hərəkətləri ilə bağlı açıqlama verib.

SİA-nın əldə etdiyi məlumata görə, Donetsk vilayətinin Soledar şəhərindəki vəziyyətlə bağlı məlumat verən İqor Konaşenkov deyib:

“Yanvarın 12-də axşam Donetsk istiqamətində uğurlu hücum əməliyyatlarının davam etdirilməsi üçün vacib olan Soledar şəhərinin azad edilməsi başa çatıb”.

Konaşenkov bəyan edib ki, Soledara tam nəzarət etməklə, cənub-qərbdəki Bəhmut şəhərində Ukrayna qoşunlarının təchizat marşrutları kəsiləcək, sonra isə Ukrayna Silahlı Qüvvələri tələyə düşəcək. Soledarın ələ keçirilməsi Rusiya qüvvələrinin digər hissələrilə Ukrayna mövqelərinə davamlı hücumları ilə mümkün olmşdur.

Rusiya hava qüvvələrinin Soledara qarşı əməliyyatlar zamanı Ukrayna əsgərlərinə havadan dəstək verən 3 döyüş təyyarəsi və bir helikopteri vurduğunu qeyd edən Konaşenkov Rusiya hava hücumundan müdafiə sistemlərinin "HIMARS", "Olha", "Uraqan" raket sistemlərindən atılan 9 raketi də məhv etdiyini bildirib.

Rusiya hava-desant qüvvələrinin mövqelərdə hakim yüksəklikləri ələ keçirərək şəhəri şimaldan və cənubdan mühasirəyə aldığını qeyd edən Konaşenkov Ukraynanın idarəetmə sistemini elektron döyüş maşınları ilə sıxışdırdıqlarını vurğulayıb.

“Rusiya hərbi hissələrinin həyata keçirdiyi fəaliyyətlər kompleksi hücum dəstələrinin Soledarı azad etmək üçün uğurlu əməliyyatları təmin etdi. Təkcə son 3 gündə Soledar şəhəri yaxınlığında 700-dən çox Ukrayna əsgəri və Ukrayna Silahlı Qüvvələrinin 300-dən çox silahı zərərsizləşdirilib", -deyə İqor Konaşenkov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə