Türkiyə ötən ilin sonunda Ukraynaya kasetli artilleriya sursatları təhvil verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Amerikanın “Foreign Policy” jurnalı Amerika və Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, guya əvvəllər Kiyev ABŞ-dan da belə təchizat almağa cəhd göstərib.
Qeyd edək ki, burada söhbət Soyuq Müharibə illərində ABŞ-la razılaşma əsasında Türkiyədə istehsal olunan qabaqcıl şərti ikiməqsədli döyüş sursatlarından (Dual-Purpose Improved Conventional Sursat, DPICM) gedir.
Onu da qeyd edək ki, bu silahlar zirehli texnikanı məhv etmək üçün nəzərdə tutulub - atəşə tutulduqda onların hər biri 88 kiçik sursata səpələnir.
Yeri gəlmişkən kasset silahları 2010-cu ildə qəbul edilmiş beynəlxalq konvensiya ilə qadağan edilsə də, lakin Ukrayna, Türkiyə, ABŞ və Rusiya ona qoşulmayıblar.
Amerika nəşrinin yazdığına görə, guya Ankara bir neçə aydır ki, Kiyevə kasetli sursatların ötürülməsini gizlətməyə çalışır. Amerika tərəfi dediyini əsaslandırmaq üçün, ABŞ-ın bu silahları Ukraynaya verməməsindən sonra, bu silahı Kiyevə verə biləcək yeganə ölkə kimi Türkiyəni görür.
Bu arada xatırladaq ki, Amerika qanunları, uzun illər mülki şəxslər üçün təhlükə yarada bilən partlayıcı olmayan sursatların yüksək nisbətinə görə DPICM ixracını qadağan edir.
Maraqlıdır ki, bu sursatların noyabrda Kiyevə daşınmağa başladığını iddia edənlər, bu silahlardan döyüş meydanında istifadə edilib-edilməməsi ilə bağlı hələ ki, heç nə deyə bilmirlər.
“Bu onu göstərir ki, Türkiyə müəyyən mənada Rusiyanı razı salmağa çalışsa da, Ukraynaya çox mühüm hərbi dəstək verir”. Bunu da “Foreign Policy” yazıb.
Sonda qeyd edək ki, nə Türkiyənin Vaşinqtondakı səfirliyi, nə də ki, Ukrayna Müdafiə Nazirliyi “Foreign Policy” nəşrinin kaset sursatlarının tədarükü ilə bağlı şərh tələblərinə cavab verməyiblər.
P.S: Beynəlxalq insan haqları təşkilatlarının məlumatına görə, Rusiya ordusu Ukraynaya hücumunda dəfələrlə kasetli sursatlardan istifadə edib və bu, mülki əhali də daxil olmaqla, xeyli itkilərə səbəb olub. Bu arada “Human Rights Watch” təşkilatının hesabatına görə, Ukrayna da bu növ sursatdan istifadə edib, lakin Rusiya ondan daha çox, o cümlədən mülki hədəflərə qarşı istifadə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB