“NATO müttəfiqi heç bir ölkə terrordan Türkiyə qədər əziyyət çəkməyib”

NATO Baş katibi Yens Stoltenberq Türkiyənin ləgitim təhlükəsizlik narahatlıqları olduğunu, bunun səbəbinin isə terrordan ən çox əziyyət çəkən ittifaq üzvü ölkə olduğunu qeyd edib.
“NATO müttəfiqi heç bir ölkə terrordan Türkiyə qədər əziyyət çəkməyib”

Yens Stoltenberq Brüsseldə NATO ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığa dair birgə bəyannamənin imzalanması mərasimindən sonra Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə birgə mətbuat konfransı keçirib.

Stoltenberq jurnalistlərə açıqlamasında İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesinə toxunub. Madriddə keçirilən NATO Zirvə toplantısında Türkiyə ilə imzalanan üçtərəfli memorandumla iki ölkənin terrora qarşı mübarizədə əməkdaşlıq və Türkiyəyə silah satışına qoyulan məhdudiyyətlərin aradan qaldırılması mövzusunda razılaşdıqlarını xatırladaraq deyib: “Türkiyənin legitim təhlükəsizlik narahatlıqları var. Heç bir NATO müttəfiqi Türkiyə qədər terrordan əziyyət çəkməyib. Ona görə də NATO müttəfiqlərinin, İsveç və Finlandiyadan bu məsələ ilə bağlı daha ciddi addımlar atmalarını yüksək qiymətləndirməliyik”. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Stoltenberq həmçinin qeyd edib ki, İsveç və Finlandiya hələ NATO-nun üzvü olmasalar da, üzvlük üçün müraciət əvvəlindən daha fərqli məqamdadırlar.

Bəzi NATO ölkələrinin, o cümlədən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Finlandiya və İsveçə təhlükəsizlik zəmanəti verdiyini, NATO-nun bölgədəki varlığını artırdığını xatırladan Stoltenberq, hazırda iki ölkənin rəsmilərinin NATO-nun müxtəlif səviyyələrdəki tədbirlərində iştirak etdiklərini xatırladıb.

Qeyd edək ki, Türkiyə iyunun 28-də İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammitində üzvlük üçün müraciət edən Finlandiya və İsveçə veto qoyur. Terror təşkilatlarına açıq dəstək verən hər iki ölkə ilə protokol imzalayan Ankara verilən vədlərin yerinə yetirilməsini gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə