“Bu, Putinin növbəti təxribatıdır”

“Bu, Putinin növbəti təxribatıdır”

Bu arada “İnformasiya Müqaviməti” qrupunun hərbi-siyasi müşahidəçisi Aleksandr Kovalenko, Rusiya prezidenti Vladimir Putinin elan etdiyi “Milad atəşkəsi” növbəti təxribat kimi dəyərləndirib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Kovalenko Telegram kanalında 2014-cü ildən bəri işğalçıların Luqansk və Donetsk vilayətlərinin müvəqqəti işğal olunmuş hissəsində yüzlərlə atəşkəs elan etdiklərini xatırladıb. Onun dediyinə görə, bu atəşkəslırin heç biri bir neçə saatdan, hətta dəqiqədən çox çəkməyib.

“Ruslardan gələn atəşkəs çox səviyyəli tələdir. Atəşkəsə görə, onlar irəli zonada bölmələri yenidən qruplaşdırmaq və yenidən yerləşdirmək niyyətindədirlər. Ən azı gündəlik sursat anbar ehtiyatı yaratmaq və ya bir sıra qanlı təxribatlar həyata keçirmək istəyirlər”.

Kovalenko əmindir, yenə də atəşkəsi ilk olaraq pozan ruslar sonda həmişə olduğu kimi, bu dəfə də Ukrayna Silahlı Qüvvələrini ittiham edəcəklər.

Kovalenkonun sözlərinə görə, bu, rus işğalçılarının illərdir müharibə bölgəsində istifadə edilən klassik ssenarisidir. O vurğulayıb ki, “qatillərin, təcavüzkarların və talançıların hər hansı sülh çağırışlarına əməl etmək axmaqlıqdır”.

“Üstəlik, Ukrayna tərəfi bu atəşkəsdən xeyirdən çox zərər görəcək. Məncə, ən düzgün qərar atəşkəsə riayət etməkdən rəsmən imtina etmək və torpaqlarımızı azad etməyə davam etməkdir”, - deyə Aleksandr Kovalenko əlavə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə