Ukraynanın 2023-cü il üçün prioritetləri açıqlanıb

Ukraynanın 2023-cü il üçün prioritetləri açıqlanıb

Ukraynanın baş naziri Denis Şmıxal 2023-cü il üçün ölkə hakimiyyətinin prioritetlərini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini hökumət portalı yayıb.

Şmıxalın sözlərinə görə, bu il Ukrayna hakimiyyəti təhlükəsizlik infrastrukturu və enerji məsələlərinə diqqət yetirəcək. Belə ki, müasir təchiz olunmuş sığınacaqların geniş şəbəkəsinin yaradılması nəzərdə tutulur.

“Ukraynanın bərpası da prioritetlər sırasındadır”, - o əlavə edib.

Bundan əlavə, hakimiyyət ordunun, müdafiənin və təhlükəsizliyin təmin edilməsi, ölkənin Avropa İttifaqı və NATO-ya inteqrasiyası ilə məşğul olacaq.

Həmçinin makro-maliyyə sabitliyi, biznesin dəstəklənməsi, veteran siyasəti, təhsil, mərkəzsizləşdirmə islahatı, məcburi pensiya yığımlarının tətbiqi kimi məsələlər də diqqət mərkəzində olacaq.

Bütün bunlarla yanaşı, prioritetlər sırasında fond bazarı və kapital bazarının islahatı, habelə dövlət əmlakının idarə edilməsi, dövlət idarəçiliyi sahəsində islahatlar da daxildir.

Xatırladaq ki, bir müddət bundan əvvəl Şmıxal ölkədəki hərbi əməliyyatlar nəticəsində Ukrayna iqtisadiyyatına dəyən ziyanın 700 milyard dollardan çox olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə