Ayətullah Əli Xamenei bir qrup qadınla görüşüb

Ayətullah Əli Xamenei bir qrup qadınla görüşüb

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei ölkədə “Analar günü” kimi qeyd olunan Fatimənin mövludunun ildönümü münasibətilə paytaxt Tehrandakı iqamətgahında bir qrup qadınla görüşüb.

"Ölkədə məcburi hicab qaydalarına tam əməl etməyən qadınları ateizmdə və rejimə müxalifətdə ittiham etmək olmaz".

SİA-nın əldə etdiyi məlumata görə, bunu İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei ölkədə “Analar günü” kimi qeyd olunan Fatimənin mövludunun ildönümü münasibətilə paytaxt Tehrandakı iqamətgahında bir qrup qadınla görüşündə deyib.

Xamenei görüşdən sonra etdiyi çıxışında hicab qaydalarına əməl etmədiyi səbəbiylə polis nəzarətinə götürülən gənc qadının ölümündən sonra sentyabr ayında başlayan və təxminən 4 ay davam edən etirazlara toxunaraq deyib ki, son hadisələrdə düşmənin ümidi hicab qaydasına tam əməl etməyən qadınların çadranı tamamilə çıxarması idi, ancaq istədikləri kimi alınmadı.

Hicabın dini bir öhdəlik olduğunu vurğulayan Xamenei "Deməli, heç bir şübhə yoxdur ki, hicab fərzdir, bunu hamı bilməlidir. Bu, şübhəsiz ki, əməl edilməli olan dini bir öhdəlikdir, lakin hicab qaydasına tam əməl etməyənləri heç vaxt dinsiz və rejimə müxalifətdə ittiham etmək olmaz. Çadranı zəif geyinənlər öz qızlarımızdır” deyib.

Qeyd edək ki, 2022-ci il sentyabrın 13-də paytaxt Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstələnərək xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da ölümü ölkə hökumətinə qarşı etirazlara səbəb olub. Aksiyalar zamanı yüzlərlə insanın həyatını itirdiyi açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə