Almaniya Rusiya aktivlərinin Kiyevə verilməsi şərtini açıqlayıb

Almaniya Rusiya aktivlərinin Kiyevə verilməsi şərtini açıqlayıb

Almaniya hakimiyyəti Ukraynanın Avropa İttifaqı müttəfiqləri də eyni şeyi edərsə bloklanmış Rusiya aktivlərindən istifadə tələbini dəstəkləyir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb. “Almaniya Ukraynanın bərpasına kömək etmək üçün dondurulmuş Rusiya aktivlərindəki milyonlarla avrodan istifadə etməyə hazırdır, ancaq bununla bağlı bütün hüquqi məsələlər həll edildikdən sonra və Avropa İttifaqı müttəfiqləri də bunu edərsə...”.

Maraqlıdır ki, Almaniya hökumətində bu məsələ ilə bağlı böyük fikir ayrılıqları olduğu da deyilir. Məsələn, Almaniyanın xarici işlər naziri Annalena Burbok dondurulmuş aktivlərin heç olmasa bir hissəsinin müsadirə edilməsində israrlıdır.

Amma ölkənin maliyyə naziri Kristian Lindner hadisələrin bu cür inkişafının “təhlükəli presedent” yaradacağından və Avropa hakimiyyətini hüquqi problemlərə sürükləyəcəyindən ehtiyat edir.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz hökuməti Ukraynanın müharibəyə görə təzminat tələbini dəstəkləsə də, lakin Rusiya dövlətinin aktivlərinin müsadirəsi ilə bağlı hələ ki, rəsmi mövqe nümayiş etdirməyib. Belə görünür ki, sual mürəkkəbdir.

Yeri gəlmişkən, Avropa İttifaqı ölkələri Rusiya Federasiyasının aktivlərindən istifadə etmək üçün qanuni yollar tapmağa çalışırlar, lakin bu məsələ ilə bağlı proseslər illər çəkə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə