Ukraynadakı müharibədə qismən səfərbərlik başlayandan bəri ən azı 538 səfərbər edilmiş rus artıq həlak olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Mediazona” nəşri ilə birlikdə ölənlərin adları üzrə hesablama aparan BBC məlumat yayıb.
Qeyd edək ki, jurnalistlər, hesablama zamanı yalnız açıq mənbələrdən - Rusiya KİV-lərinin və regional hakimiyyət orqanlarının hesabatlarından alınan təsdiqlənmiş məlumatlardan istifadə etdiklərini bildirirlər. Ona görə də real ölənlərin sayı daha çox ola bilər.
Yeri gəlmişkən, Donetsk vilayətinin Makeevka şəhərində kazarmaya çevrilən peşə məktəbinin Yeni il ərəfəsində atəşə tutulması zamanı ölənlərlə bağlı məlumatlar bu rəqəmə daxil deyil, çünki onların adları hələ məlum deyil və dağıntıların götürülməsi hələ tamamlanmayıb.
Rusiya Müdafiə Nazirliyi 63 nəfərin öldüyünü deyir və bəziləri hələ də itkin düşmüş hesab olunur.
Hadisə şahidlərinin ifadələrinə istinad edən Telegram kanalları Makeevkada ölənlərin sayı bir neçə yüzə çata biləcəyini iddia edirlər.
Xatırladaq ki, keçən dəfə BBC və Mediazona dekabrın 9-da həlak olan rus hərbçiləri ilə bağlı məlumatları dərc etmişdi. Amma sonra onların hesablamalarına görə 10 minə yaxın əsgərin ölümü məlum oldu və bildirək ki, onlardan 430-u yeni səfərbər olunanlar idi.
Maraqlıdır ki, Rusiyada səfərbər olunanların 36 nəfəri cəbhəyə getməyə macal tapmadan həlak olublar. Belə ki, onların ölümünün əsas səbəbləri infarkt, qəza və alkoqoldan sui-istifadədir.
Monitorinq müəlliflərinin fikrincə, onların tərtib etdiyi siyahılarda Rusiyada faktiki dəfn edilənlərdən ən azı 40-60 faiz az ölənlərin adları ola bilər. Jurnalistlər ölkənin 60-dan çox yaşayış məntəqəsindəki qəbiristanlıqlardakı vəziyyəti öyrənərək bu qənaətə gəliblər.
Sonda qeyd edək ki, Rusiya və Ukrayna orduları döyüş itkilərinin sayını açıqlamırlar.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi itkilər barədə sonuncu dəfə səfərbərliyin başladığı gün - sentyabrın 21-də məlumat verib. Belə ki, nazir Sergey Şoyqunun sözlərinə görə, itkilər guya 5937 nəfər təşkil edib.
Amma Pentaqon noyabr ayında Rusiya və Ukraynanın hər birinin təxminən 100.000 ölü və yaralı itirdiyini təxmin etdiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB