Rusiya Müdafiə Nazirliyi Makeyevkadakı itkilərini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Makeyevkadakı itkilərini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun raket hücumları nəticəsində Makeyevka yaxınlığında 63 əsgərinin həlak olduğunu açıqlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynada fevralın 24-dən davam edən müharibədə Rusiya ordusunun hərəkətləri ilə bağlı bəyanat yayıb.

Ukrayna ordusunun Donetsk vilayətindəki Makeyevka qəsəbəsi yaxınlığında Rusiya Silahlı Qüvvələrinin müvəqqəti mövqelərindən birinə hücum etdiyini bildirən Konaşenkov bildirib ki, Amerika istehsalı olan HIMARS reaktiv yaylım atəş sistemindən atılan 6 raketdən 2-si Rusiya hava müdafiə sistemləri tərəfindən vurulub.

Konaşenkov “4 yüksək dağıdıcı raket başlığının partlaması nəticəsində müvəqqəti yerləşdirmə məntəqəsinin bir hissəsində Rusiya ordusunun 63 əsgəri həlak olub” deyib.

Rusiya hərbi birləşmələrinin Ukraynada əməliyyatlarını davam etdirdiyini qeyd edən Konaşenkov bildirib ki, Rusiya Hərbi Hava Qüvvələrinin yüksək dəqiqlikli silahlarla hücumları nəticəsində Markovo və Kramatorskda Ukrayna ordusunda işləyən 70-dən çox xarici muzdlu döyüşçü həlak olub. Donetsk vilayətində, Xarkov vilayətinin Novoosinovo qəsəbəsində isə 100-dən çox yaralı var.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsindən verilən açıqlamada Ukraynanın Donetsk vilayətində Rusiya ordusunun nəzarətində olan Makeyevka şəhərində yerləşən kazarma kimi istifadə edilən mərkəzə hücum nəticəsində 400-ə yaxın Rusiya əsgərinin öldürüldüyü iddia edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə