İranda qarışıq (oğlan-qız) məşq edilən idman zalları bağlanır

İranın Elborz əyalətində qarışıq (oğlan-qız) məşq edilən idman zalı möhürlənib, sahibinə və məşqçisinə məhkəmədə iddia qaldırılıb.
İranda qarışıq (oğlan-qız) məşq edilən idman zalları bağlanır

Türkiyənin TRT telekanalı İranın İrna agentliyinə istinadla bildirir ki, prokuror Hüseyn Nəsirhəki bir idman klubunda oğlan və qızlara birlikdə məşq edildiyi xəbərini eşitdikdən sonra məsələnin araşdırılmasına göstəriş verib.

Nəsırhaki deyib ki, araşdırmalar nəticəsində Kərəcin Meşkindəşt şəhərində bir idman zalında qarışıq məşq (oğlan və qızlarla birlikdə) edildiyi müəyyənləşib.

Sözügedən yerin bağlandığını qeyd edən Nəsırhaki salon sahibi və onun məşqçisi haqqında iddia qaldırıldığını və istintaqın davam etdiyini bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, dekabrın 26-da İranın Loristan əyalətinin Burucerd şəhərindəki ticarət mərkəzində 2 iş yeri “məcburi hicab qanununu pozduğuna görə” bağlanıb.

Dekabrın 25-də Qum əyalətində onlarla mağazanın yerləşdiyi və 700 nəfərin işlə təmin olduğu ticarət mərkəzi geyim qaydalarına əməl edilmədiyi səbəb kimi göstərilərək möhürlənib. Qəzvin şəhərində dekabrın 20-də 5 iş yeri “çadrasız insanlara xidmət göstərdiyinə görə” bağlanıb.

Bundan başqa, bir neçə iranlı futbolçu şənbə günü İranın paytaxtı Tehranda həbs edilib. Buna səbəb onların qadınların olduğu Yeni il şənliyində içki içmələridir. Məlumatda futbolçuların kimliyi və klublarının adları açıqlamayıb. Futbolçuların arasında Tehranın böyük klublarından birinin keçmiş oyunçusu da olub.

Qeyd edək ki, sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən “çadra qaydalarına tabe olmamaq” səbəbi ilə saxlanıldıqdan sonra işgəncəyə məruz qalan 22 yaşlı Məhsa Emini ölüb. Bundan sonra İranın molla rejiminə qarşı etirazlar başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə