Braziliya Venesuelaya dair qadağaları ləğv edir

Braziliya Venesuelaya dair qadağaları ləğv edir

Braziliya hökuməti Venesuela prezidenti Nikolas Maduro və bir sıra yüksək rütbəli diplomatların ölkəyə girişini qadağan edən qərarı ləğv edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Maduro və bəzi yüksək səviyyəli diplomatların ölkəyə girişinə 2019-cu ildən bəri qüvvədə olan qadağanın ləğvi ilə bağlı qərarı ədliyyə nazirinin müavini Antonio Ramirez Lorenzo və xarici işlər naziri Karlos Alberto Franko França imzalayıb.

Hökumətin bu qərarı ilə Maduro Braziliyada keçirilən prezident seçkilərində qalib gələn və yanvarın 1-də vəzifəsinin icrasına başlayacaq Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində iştirak edə biləcək.

Xatırladaq ki, Maduronun ölkəyə girişinə qadağa qoyulması qərarı ifrat sağçı Braziliya prezidenti Jair Bolsonaro 2019-cu ildə Venesuela müxalifətinin başçısı Xuan Quaydonu "qanuni lider" kimi tanıdıqdan sonra qəbul edilmişdi.

Qeyd edək ki, Silvanın andiçmə mərasiminə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun da qatılacağı gözlənilir.

2013-cü il martın 5-də vəfat edən Venesuelanın keçmiş prezidenti Uqo Çaveslə (Hugo Chavez) yaxın dostluq münasibətləri olan Silvanın Maduro hökuməti ilə də oxşar münasibəti görünür.

Maduro dekabrın 25-də verdiyi açıqlamada Braziliya ilə 2019-cu ildə pisləşən münasibətləri normallaşdırmaq üçün bu ölkəyə səfir təyin edilməsinə qərar verildiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə