Serbiya Kosovonun şimalındakı barrikadaları götürəcək?

Serbiya Kosovonun şimalındakı barrikadaları götürəcək?

Kosovonun şimalında etnik serblərin qurduqları maneələr yaxın iki gün ərzində aradan qaldırılacaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Bu bəyanatı Serbiya prezidenti Aleksandr Vuçiç ABŞ və Avropa İttifaqının regionda gərginliyin azaldılmasına çağırmasından sonra verib.

Qeyd edək ki, barrikadaların sökülməsi işlərinin dəqiq nə vaxt başlayacağı hələlik bəlli deyil. Belə ki, cümə axşamı səhər Kosovska-Mitrovitsa şəhərində etirazçıların yolları bağlamaq üçün istifadə etdiyi yük maşınları yandırılıb.

Bu arada Azad Avropa/Azadlıq Radiosunun Balkanlar ofisinin hadisə yerindən verdiyi məlumata görə, avtomobilləri Vuçiçin qərarı ilə razılaşmayan yerli serblər yandırıblar.

Xatırladaq ki, Kosovonun şimalında gərgin vəziyyət hələ noyabr ayından bəri davam edir. Belə ki, Priştinanın (Kosovonun paytaxtı-A.B.) Serb nömrələrindən istifadəni qadağan etmək qərarına etiraz olaraq, o zaman yüzlərlə polis məmuru və hüquqşünas işini tərk etmişdi.

Onu da qeyd edək ki, Vaşinqton və Avropa İttifaqı dekabrın 28-də birgə bəyanat yayıblar. Onlar tərəfləri maksimum təmkinli olmağa, gərginliyin qeyd-şərtsiz azaldılması üçün təcili tədbirlər görməyə, təxribat, təhdid və ya hədə-qorxudan çəkinməyə çağırıblar.

Bu arada Serbiyanın müdafiə naziri Miloş Vuçeviç təfərrüatları açıqlamasa da, amma Belqradın döyüşə hazır olduğunu bildirib.

Kosovo hakimiyyəti isə bir gün əvvəl gərginliyi azaltmaq üçün keçmiş polis, etnik serb Deyan Pantiçin ev dustaqlığına köçürüldüyünü elan edib.

Qeyd edək ki, münaqişəyə səbəb elə onun dustaqlığına məhkum edilməsi səbəb olmuşdu.

Onu da bildirək ki, Pantiç Kosovonun şimalında yerli seçkilərin hazırlanmasında iştirak edən məmurlara qarşı hücumda iştirak ittihamı ilə həbs edilmişdi.

Və sonda bildirək ki, Belqrad Kosovonun 2008-ci ildə elan edilmiş müstəqilliyini tanımır. Onu da qeyd edək ki, Kosovonun iki milyonluq əhalisinin əksəriyyətini etnik albanlar təşkil edir, burada yaşayan serblərin sayı isə təxminən 120 min nəfərdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə