BMT Əfqanıstanda humanitar yardım göstərən qeyri-hökumət təşkilatlarında qadınların işləməsinə qadağa qoyulması səbəbindən bəzi proqramları dayandırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Britaniyanın “The Guardian” qəzeti BMT nümayəndələrinin bəyanatına istinadən yazır.
Təşkilat bildirib ki, qadınların humanitar işlərdə iştirakı müzakirə olunmur və davam etdirilməlidir.
Qadınların humanitar işlərdən kənarlaşdırılması bütün əfqanlar üçün həyatı təhlükə yaradan nəticələrə gətirib şıxara bilər.
Qeyd edilir ki, artıq qadın kadr çatışmazlığı səbəbindən bəzi təcili proqramlar müvəqqəti olaraq dayandırılmalı olub.
Məhz bu mənada BMT Əfqanıstandakı digər fəaliyyətlərin də gələcəkdə dayandırılmalı olacağını gizlətməyib.
Hazırda Əfqanıstanda humanitar yardımla məşğul olan bütün böyük QHT-lər demək olar ki, fəaliyyətlərini dayandırıblar.
Təşkilatlar bildirirlər ki, qadın işçilər olmadan qadınlara tibbi məsləhət kimi həyati əhəmiyyətli xidmətlər göstərə bilməzlər.
Bundan əvvəl Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın xarici işlər nazirləri Taliban hökumətini qadınların QHT-lərdə işləməsinə qoyulan qadağanı aradan qaldırmağa çağırıblar. Nazirlər bildiriblər ki, Talibanın ehtiyatsız və təhlükəli əmri humanitar yardıma arxalanan milyonlarla əfqanı təhlükə altına alıb.
Xatırladaq ki, dekabrın 24-də Taliban hökumətinin iqtisadiyyat nazirliyi qadınların qeyri-hökumət təşkilatlarında işləməsini növbəti xəbərdarlığa qədər qadağan edib.
Səbəb kimi isə onlardan bəzilərinin “Taliban” tərəfindən başa düşüldüyü kimi İslami geyim koduna riayət etməmələri göstərilir.
Qeyd edək ki, qadağa Əfqanıstana Humanitar Yardımın Koordinasiyası Agentliyinə daxil olan təşkilatlara şamil edilir. Bu quruma 180-dən çox yerli və beynəlxalq qeyri-hökumət təşkilatı daxildir. BMT Əfqanıstana Humanitar Yardımın Koordinasiyası Agentliyinin üzvü deyil, lakin təşkilat humanitar işlərin aparılması üçün Əfqanıstandakı QHT-lərlə tez-tez müqavilələr bağlayır.
Yeri gəlmişkən, dekabrın 20-də “Taliban” hökuməti qız tələbələrin universitetlərə girişinin dayandırılması barədə göstəriş verib. Bu arada ABŞ da daxil olmaqla digər xarici hökumətlər “Taliban” administrasiyasını rəsmən tanımaq barədə düşünməzdən əvvəl “Taliban”ın qadınların təhsili ilə bağlı siyasətini dəyişdirməli olmasını bildiriblər.
Xatırladaq ki, “Taliban” hərəkatı dünyanın bir çox ölkələrində hələ də terrorçu kimi tanınır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB