Deyirsiniz, Belarus "tərəddüd edir"?

“Belarusdan Ukrayna ərazisinə hücum mümkündür, lakin bu elə də inamlı görünmür?”
Deyirsiniz, Belarus "tərəddüd edir"?

Yaxın gələcəkdə Rusiya qoşunlarının və ya birgə Rusiya-Belarus qruplaşmasının Belarus ərazisindən Ukraynaya hücumu ehtimalı azdır, lakin, qeyd edək ki, bu istisna edilmir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu fikri Ukrayna kəşfiyyatı, eləcə də Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri bölüşürlər.

Qeyd edək ki, fevralda rus qoşunları artıq Belarus ərazisindən Kiyevə doğru irəliləyirdi. Lakin sonradan Belarus ordusu işğalda birbaşa iştirak etmədi və martın sonunda Kiyev və Çerniqovdan geri çəkildikdən sonra Belarus ərazisindən yeni hücum cəhdləri olmadı.

Lakin son günlər Rusiya qoşunlarının və texnikasının Belarusa, xüsusən də onun cənub bölgələrinə köçürülməsi xəbərləri fonunda mediada və teleqram kanallarında yeni hücumun mümkün hazırlığı ilə bağlı xəbərlər yayılmağa başlayıb. Qeyd edək ki, bəzi teleqram kanalları hətta 26 dekabr tarixini Belarusun Ukraynaya hücum günü də adlandırıb.

Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Sergey Naev şənbə günü, Belarusun bir motoatıcı və iki tank batalyonunun Ukrayna ilə dövlət sərhədi ilə həmsərhəd olan rayonlarına irəliləmək əmri verildiyini deyib.

Yeri gəlmişkən bəzi mənbələr oktyabr ayından Moskvanın yenidən Belarusda qüvvələrini artırmağa başladığını deyirlər. Analitiklərə görə, söhbətin hələ ki, informasiya əməliyyatından, yoxsa hücuma real hazırlıqdan getdiyi aydın deyil. Lakin hazırda Belarusda zərbə qüvvəsinin yaradılmasına dair heç bir əlamət də müşahidə edilmir.

Bu günlərdə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov, “New York Times” qəzetinə müsahibəsində, hazırda hücum təhlükəsinin olmadığını desə də, lakin Rusiya və Belarus qoşunlarının Belarusdakı hazırkı fəaliyyətini dezinformasiya kampaniyası adlandırıb. Onun sözlərinə görə, Rusiya-Belarus qrupu hələ Ukraynaya hücum etməyə hazır deyil, lakin gələcəkdə bunu istisna etmək olmaz.

Onu da qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin şənbə günü Rusiya və Belarusun birgə qoşun qrupunun Ukraynadakı müharibədə potensial iştirakının müzakirəsini “yalnış” adlandırıb. Qaluzin sözlərinə görə, bu qrupun əsas vəzifəsi guya Belarus ərazisinin işğal ediləcəyi təqdirdə...potensial düşməni dəf etməkdir.

Onu da xatırladaq ki, bu günlərdə Minskdə olan Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşdə iki ölkənin birgə hərbi təlimlər praktikasını davam etdirmək barədə razılığa gəliblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə