Kosovoda yeni təhlükəsizlik tədbirləri görülüb

Kosovoda yeni təhlükəsizlik tədbirləri görülüb

Kosovo Polis İdarəsi son günlər gərginliyin artdığı ölkənin şimalında yeni polis nəzarət məntəqələrinin yaradıldığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Kosovo polisindən verilən yazılı açıqlamada ölkənin şimalında yaşayan vətəndaşlara qarşı təhdidlərin artması ilə əlaqədar "şəhərlərdə və şəhərlərarası yollarda aktiv vəzifələrlə yanaşı avtomobil nəzarət məntəqələri yaradıldığı" qeyd edilib.

Açıqlamada cinayət hadisələrinin aydınlaşdırılması üçün ictimaiyyət əməkdaşlığa dəvət edilib və deyilib:

"Son bir neçə gün ərzində mətbuatda bəzi serb vətəndaşlarının Kosovo Respublikasının şimalında cinayətkar təşkilatların üzvləri tərəfindən oğurlandığı, döyüldüyü və pis rəftar edildiyi barədə məlumatlar və xəbərlər yer alıb. Kosovo polisi bu məlumatı ciddi qəbul edir və aydınlaşdırmaq üçün zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirirlər”.
Avropa İttifaqının (Aİ) Kosovodakı nümayəndəsi səfir Tomas Szunyoq Kosovonun şimalındakı gərginliklə bağlı narahatlığını ifadə edərək, gərginliyi azaltmaq üçün ideal həll yolunun sülh yolu ilə barrikadaların aradan qaldırılması olduğunu bildirib.

Serbiyanın baş naziri Ana Brnabiç isə deyib ki, Priştinanın birtərəfli addımları səbəbindən münaqişə ərəfəsindəyik”.

Xatırladaq ki, keçmiş serb polisi Deyan Pantiçin saxlanılmasından sonra Kosovo ilə Serbiya arasında gərginlik artıb.

Pantiçin saxlanmasına reaksiya verən Kosovo serbləri dekabrın 10-dan Jarinje və Bernjak sərhəd keçid məntəqələrində qurduqları barrikadalarda keşik çəkirlər.

Serbiya 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edən Kosovonu öz ərazisi hesab edir.

Vaxtaşırı qarşıdurma yaşayan Serbiya və Kosovo, 2011-ci ildə Aİ vasitəçiliyi ilə başladılan Belqrad-Priştina Dialoq Prosesi çərçivəsində əlaqələrin normallaşması və nəticədə iki ölkənin bir-birini tanıması üçün ortaq yol tapmağa çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə