Rusiya Belarusda koordinasiya təlimləri keçirəcəcək

Rusiya Belarusda koordinasiya təlimləri keçirəcəcək

Rusiya Müdafiə Nazirliyi Belarusda batalyon taktiki təlimləri keçirəcəyini açıqlayıb. Müdafiə Nazirliyi təlimlərin vaxtını dəqiqləşdirməyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya əsgərlərinin ilk qrupları hələ oktyabr ayında Belarusa gəliblər. Bundan əvvəl Belarus Müdafiə Nazirliyi doqquz minə qədər Rusiya hərbçisinin, yüzdən çox tank, zirehli texnika və minaatan, habelə təyyarələrin “birgə qoşun qrupunda iştirak etmək” üçün ölkəyə gələcəyini bildirmişdi.

Bir neçə gün əvvəl Belarus lideri Aleksandr Lukaşenko bir daha Ukraynanı Belarusa hücum hazırlamaqda ittiham edib (Ukrayna bu ittihamları rədd etdi-A.B.) və qruplaşmanın zəruriliyini “Birlik dövlətinin qərb sərhədlərində gərginləşdirmə” ilə əsaslandırıb.

Dekabrın əvvəlində Lukaşenko Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə Rusiya və Belarus hərbçilərinin “vahid qrup, vahid ordu kimi” təlim keçdiyini bildirib. Dekabrın 13-də Belarusda Lukaşenkonun göstərişi ilə ölkə silahlı qüvvələrinin döyüş hazırlığının qəfil yoxlanılmasına başlanılıb.

Yeri gəlmişkən, bazar ertəsi Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri ilk dəfə Aleksandr Lukaşenko ilə görüşmək üçün Belarusa uçacaq.

Lukaşenkonun sözlərinə görə, görüşdə onlar "strategiya məsələləri - ilk növbədə iqtisadi sahədə" müzakirə etməyi planlaşdırırlar, eyni zamanda Belarus və Rusiya ətrafındakı "hərbi-siyasi vəziyyət" haqqında da danışacaqlar.

Qeyd edək ki, Belarus ordusu Ukraynaya qarşı müharibədə hələ ki, birbaşa iştirak etmir. Lakin Belarus ərazisi Ukraynaya raket və hava zərbələri endirmək üçün istifadə olunur. Bu baxımdan Qərb ölkələri Belarusa qarşı sanksiyalar tətbiq etsə də, Rusiyaya qarşı sanksiyalar daha az sərtdir.

Ukrayna kəşfiyyatı Rusiya əsgərlərinin və hərbi texnikasının Belarusa köçürülməsini qeyd edir, lakin bildirir ki, hazırda Belarusdan birbaşa hücum təhlükəsi görmür. Ukrayna hərbçiləri ölkə sərhədində yolları minalayıb, sərhədə yaxın çaylar üzərindəki körpüləri partladıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə