Almaniya Rusiya şərtləri ilə Ukraynadakı atəşkəsi rədd edir

Ukraynada Rusiya şərtləri ilə atəşkəs xalqın yaşadığı dəhşətlərin qarşısını almayacaq, əksinə onları daha da gücləndirəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib. Diplomat deyib ki, o, Rusiyanın bununla bağlı hər hansı təşəbbüsünü rədd edir və prinsipial olaraq tezliklə barışıq əldə edilməsinə şübhə edir.

Alman siyasətçi, həmçinin regionda sülhü bərpa etmək üçün Rusiya prezidenti Vladimir Putinin sadəcə öz əsgərlərinə geri çəkilmək əmri verməli olduğunu bildirib. “Amma təəssüf ki, bunun əlamətləri görünmür”.

Bunu da Berbok deyib

Bu arada Almaniyanın Ukraynaya “Skynex” hava hücumundan müdafiə sistemləri verəcəyi məlum olub.Qeyd edək ki, onların ümumi dəyəri 182 milyon avro olacaq.

Kompleks hücum edən pilotsuz təyyarələri və ya 35 mm-lik döyüş sursatı ilə qanadlı raketləri vurmağa qadirdir. Bundan əlavə, Almaniyanın “Rheinmetall” konserni Ukrayna üçün yük maşınlarına təxminən 12 milyon avro xərcləməyi planlaşdırır.

Berlin, həmçinin dekabr ayında Ukraynaya 50 zirehli transportyor (BTR) və 12 ağır yarımqoşqu göndərib. Bundan başqa, bildirilib ki, 18 RCH-155 özüyeriyən artilleriya qurğusu (AKS), 80 pikap, 90 pilotsuz uçuş aparatlarından (PUA) mühafizə sensoru və səsboğucu, həmçinin iki anqar çadırı və yeddi yük maşını da Ukraynaya çatdırılmaq üçün hazırlanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə