Kiyevdə istilik təchizatı bərpa edilib, amma...

Kiyevdə Rusiyanın sonuncu raket hücumundan sonra istilik təchizatı sisteminin işini tam bərpa etmək mümkün olub.

SİA-nın əldə etdiyi məlumata görə, Kiyev meri Vitali Kliçko Telegram kanalında bütün istilik təchizatı mənbələrinin normal işlədiyini yazıb.

O qeyd edib ki, gün ərzində kommunal xidmət işçiləri yarana biləcək problemləri yerində həll edəcəklər.

Qeyd edək ki, cümə günü, dekabrın 16-da Rusiya hərbçilərinin Kiyevə atdıqları 40 raketdən 37-si hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Ukrayna paytaxtında hücumdan sonra elektrik enerjisinin fövqəladə kəsilməsi səbəbindən su və istiliklə bağlı problemlər yaranıb.

Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü axşam müraciətində Rusiyanın zərbələrindən sonra ölkənin enerji strukturunun yenidən qurulmasından danışıb. “Demək olar ki, 6 milyon ukraynalı bir gündə elektrik enerjisini qaytara bilib. Hazırda təmir işləri fasiləsiz davam edir”, - Zelenski bildirib.

Lakin bütün bunlara baxmayaraq, cümə günü istehlakçıların təxminən yarısı işıqsız qalıb. O cümlədən, Xarkov və Xarkov vilayəti tamamilə enerjisizləşdirilib, Kiyev əhəmiyyətli dərəcədə zərər çəkib.

Bunu isə BBC-nin Rus Xidməti yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə