Belarus Ukraynaya qarşı müharibəyə hazırlaşa bilər?

Baş Qərargah işarələrə işarə edib
Belarus Ukraynaya qarşı müharibəyə hazırlaşa bilər?

Bu arada Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Belarusun Ukraynaya qarşı müharibədə iştirak etməyə hazırlaşdığını istisna etmir.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksey Qromovun sözlərinə görə, oktyabrın ortalarından etibarən Belarusda Rusiya hərbi varlığının artırılması ilə yanaşı, Belarus rəhbərliyi də hərbi əməliyyatlar aparır.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Ukrayna tərəfi Belrusun bu addımlarını təcavüzdə iştiraka hazırlıqdan xəbər verə bilən addım kimi dəyərləndirir.

Qromov bildirib ki, Belarus Dövlət Sərhəd Komitəsi 2023-cü il martın 1-dək Ukraynanın Kiyev və Çerniqov vilayətləri ilə həmsərhəd Qomel vilayətinin ərazilərində vətəndaşların sərhəd zolağına giriş-çıxışı ilə bağlı məhdudiyyətləri uzadıb. Bundan əlavə, ötən həftə Brest vilayətinin Ukrayna ilə sərhəd rayonlarında ərazi müdafiə birləşmələrinə könüllülərin daxil olması üçün təşviqat prosesi davam edib.

“Eyni zamanda, Belarusun Nümayəndələr Palatası dövlətə xəyanətə görə hərbi qulluqçular və dövlət məmurları üçün ölüm cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib. Ola bilsin ki, Lukaşenka rejiminin bu cür hərəkətləri hərbi əməliyyatlarda iştiraka hazırlıq addımlarından biridir”.

Qeyd edək ki, bu da Ukrayna tərəfinin ehtimalıdır.

Əməliyyat vəziyyətinə gəlincə, Qromovun sözlərinə görə, hazırda İttifaq Dövlətinin regional qruplaşmasının yerləşdirilməsi çərçivəsində Rusiya hərbçilərinin təlimi Belarus Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə həyata keçirilir.

Bundan əlavə, son günlər Belarusun Ukrayna ilə sərhədinə xeyli hərbi texnikanın gətirildiyi bildirilir.

“Bu, Rusiya təcavüzkarının Ukrayna ərazisinə aviazərbələr endirmək imkanlarının artmasına dəlalət edir”-deyən Qromov, bununla belə hazırda Belarus ərazisində düşmənin hücum əməliyyatı zamanı qoşunların fəallığını və havadan dəstəyini təmin edə biləcək aviasiya qrupunun zəruri komponentlərinin olmadığını da bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə