Birlәşmiş Millәtlәr Tәşkilatı Yәmәnlә bağlı bәyanat verib

Birlәşmiş Millәtlәr Tәşkilatı Yәmәnlә bağlı bәyanat verib

İllərdir vətəndaş müharibəsinin davam etdiyi Yəməndə 5 yaşdan kiçik 2,2 milyon uşağın qida çatışmazlığı səbəbindən müalicəyə ehtiyacı olduğu və onlardan yarım milyonunun təhlükə altında olduğu bildirilib.

Təxminən 8 ildir İranın dəstəklədiyi husilərlə Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin dəstəklədiyi hökumət qüvvələri arasında şiddətli toqquşmaların yaşandığı Yəməndə yoxsulluğun artması ilə birlikdə aclıq və qida çatışmazlığı günü-gündən artır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, vətəndaş müharibəsi, aclıq və səfalətdən əziyyət çəkən ölkədə uşaqlar yavaş-yavaş valideynlərinin gözü qarşısında ölürlər.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Yəmən üzrə nümayəndəsi Peter Havkins ölkədə qida çatışmazlığı ilə bağlı son məlumatları paylaşıb.

Peter Hawkins deyib: "Yəməndə 5 yaşdan kiçik 2,2 milyon uşaq, yəni hər 5 uşaqdan 2-si qida çatışmazlığı səbəbindən müalicəyə ehtiyac duyur. Onların yarım milyonu kəskin qida çatışmazlığı riski altındadır".

Havkins zəif qidalanma səbəbindən ən qısa zamanda müalicə oluna bilməyən uşaqların yemək yeyə bilməyəcəkləri və qısa müddətdə ölə biləcəkləri barədə xəbərdarlıq edib.

Zəif qidalanmanın uşaqların xüsusilə doğuşdan sonrakı ilk 2 ildə fiziki və zehni inkişafına zərər verdiyini qeyd edən Havkins müalicə olunsa belə bunun təsirlərinin böyük ölçüdə geri dönməz olduğunu ifadə etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə