Türkiyə və Liviya Yunanıstana çağırış edib

Türkiyə və Liviya Yunanıstana çağırış edib

Türkiyə və Liviya karbohidrogen və dənizdibi ərazilərinin delimitasiyasına dair razılaşmalardan narazılıqlarını Birləşmiş Millətlər Təşkilatına (BMT) çatdıraraq, Yunanıstanı "iki qonşu ölkənin suveren qərarlarına hörmətlə yanaşmağa" çağırıblar.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu və Liviyanın BMT-dəki daimi nümayəndəsi Taher Əl-Sonni Yunanıstana birgə məktubla cavab veriblər.

BMT-nin baş katibinə ünvanlanan məktubda Yunanıstanın “əsassız iddia və arqumentlərlə” Liviya hökumətinin legitimliyinə zərər verməyə cəhd göstərdiyi vurğulanıb.

Məktubda Liviya Milli Birlik Hökumətinin Yunanıstanın iddialarının əksinə olaraq beynəlxalq müqavilələr bağlamaq və ləğv etmək səlahiyyətinə malik olduğu, qanunlarının hökumətə digər dövlətlərlə müqavilələr bağlamaq səlahiyyəti verdiyi bildirilib.

Məktubda karbohidrogenlər sahəsində Yunanıstan, Liviya və Türkiyənin imzaladığı sazişin BMT-nin nəzarətində olan siyasi proseslə ziddiyyət təşkil etməsinə dair iddiaların heç bir hüquqi əsasının olmadığı, əksinə Liviyada siyasi həllə aparacaq yol xəritəsinin seçkilərlə nəticələnəcək hazırlıq prosesində hökümətə tam səlahiyyət verdiyinə diqqət çəkilib. Ayrıca bu prosesin hələ də tamamlanmadığı üçün həm daxildə, həm də xaricdə səlahiyyətin heç şübhəsiz Liviya Milli Birlik Hökümətində olduğu vurğulanıb.

Məktubda qeyd olunub ki, Türkiyə ilə Liviya arasında dənizdibi ərazilərinin delimitasiyasına dair 27 noyabr 2019-cu ildə imzalanmış razılaşma BMT Konvensiyasının 102-ci maddəsinə uyğun olaraq qeydə alınıb və beynəlxalq hüquqa əsaslanan ədalətli həll yoluna qoyulub. Yunanıstanın sözügedən razılaşmanın suveren hüquqlarını pozduğuna dair iddialarının qəbul edilə bilməyəcəyi ifadə edilib.

Məktubda Yunanıstanın bölgədəki dənizdibi ərazilərindəki səlahiyyətdə ekspansionist iddiaları ilə Türkiyə və Liviyanın suverenlik hüquqlarına məhəl qoymadığı, dəniz hüququ və beynəlxalq hüququ istədiyi kimi şərh etdiyi, Yunanıstanın isə bu prinsipə məhəl qoymadığı qeyd edilib.

Türkiyə ilə Liviya arasında karbohidrogen və dənizdibi ərazilərindəki səlahiyyətlərin delimitasiyası ilə bağlı imzalanan razılaşmaların nə beynəlxalq hüququ, nə də Yunanıstanın suveren hüquqlarını pozmadığı bildirilən məktubda Yunanıstanın Liviyanı və Türkiyənin dialoqu inkişaf etdirmə səylərini BMT-də “etibarsızlaşdırmağa” çalışdığı vurğulanıb.

Türkiyə və Liviya Yunanıstanı "əsassız ittihamlarına, düşmənçilik ritorikasına və gərginliyi artıran hərəkətlərinə son qoymağa və iki qonşu ölkənin suveren qərarlarına hörmət etməyə" çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə