Mixalkov və Lepsə qarşı da sanksiyalar tətbiq edilir

Mixalkov və Lepsə qarşı da sanksiyalar tətbiq edilir

Yeni sanksiyalar paketi çərçivəsində Aİ Rusiyayönümlü təbliğatın yayılmasına cavabdeh olan 144 nəfərə, o cümlədən məşhurlara və teleaparıcılara məhdudiyyətlər qoymağı planlaşdırır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə sənəd layihəsi ilə tanış olan “Euobserver” nəşri yazıb.

Sanksiya siyahısına müğənni Qriqori Leps, rejissor Nikita Mixalkov, teleaparıcılar Boris Korçevnikov və Marina Kim, politoloq Sergey Mixeyev, bloger Dmitri Puçkov, habelə biznesmen Yuri Kovalçukun ailə üzvlərinin daxil edilməsi planlaşdırılır.

Bundan əlavə, “Ren TV” kanalının və ANO TV-Novosti-nin (RT kanalını idarə edən) beş rəhbərinə qarşı məhdudiyyətlərin tətbiqi planlaşdırılır. Onların adları nəşrdə qeyd edilmir. Avropa İttifaqı səlahiyyətliləri həmçinin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti, Milli Media Qrupu, ANO TV-Novosti və Strateji Mədəniyyət Fondunun Avropadakı aktivlərini dondurmağa hazırlaşır. Rusiyanın üç telekanalı - NTV/NTV-Mir, Rossiya 1 və Ren TV - Avropa İttifaqından yayım lisenziyalarını ləğv etməyi planlaşdırır.

Sənəd layihəsində qeyd olunur ki, adıçəkilən Rusiya KİV-ləri Ukraynaya qarşı müharibəyə haqq qazandırmaq və Avropa İttifaqı ölkələrində sabitliyi pozmaq məqsədilə faktları kobud şəkildə təhrif etməkdə və manipulyasiya etməkdə günahkardırlar.

Xatırladaq ki, dekabrın 12-də Brüsseldə Avropa İttifaqının xarici işlər nazirləri Rusiya və İrana qarşı yeni sanksiyalar paketini, eləcə də Ukraynaya yardım üçün əlavə addımları müzakirə edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə