Təcavüzün bütün xərcləri Rusiyanın üzərinə qoyulacaq

Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək ABŞ-ın prioritetidir
Təcavüzün bütün xərcləri Rusiyanın üzərinə qoyulacaq

Ağ Evin bəyanatında deyilir ki, Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi ABŞ-ın müdafiə yardımı üçün prioritetdir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu prezident Cozef Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı deyib.

Bundan əlavə, Amerika prezidenti Vaşinqtonun Ukraynanın enerji infrastrukturunu dəstəkləmək üçün 53 milyon dollar ayırdığını xatırladıb və bundan sonra da iqtisadi, eləcə də humanitar yardım göstərməyə, həmçinin təcavüzün bütün xərclərini Rusiyanın üzərinə qoymağa çalışacağına söz verib.

Qeyd edək ki, Zelenski prezident Baydenlə söhbəti zamanı ona Rusiya qoşunlarının işğalından sonra Ukraynaya göstərdiyi görünməmiş yardıma görə təşəkkür edib.

“Mən Baydenə ABŞ-ın Ukraynaya görünməmiş müdafiə və maliyyə yardımına görə təşəkkür etdim”, - deyə Zelenski öz Telegram kanalında yazıb: “Bu yardım təkcə döyüş meydanındakı uğurumuza töhfə vermir, həm də Ukrayna iqtisadiyyatını sabit saxlayır”.

Ukrayna prezidenti həmçinin Kiyevin G-7 sammiti ərəfəsində öz mövqelərini Amerika ilə razılaşdırdığını deyib. Xatırladaq ki, dekabrın 12-də onlayn formatda keçiriləcək iclasda Ukrayna da iştirak edəcək. Zelenskinin sözlərinə görə, sammitin nəticələrindən sonra xəbərlər olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə