Lockerbi partlayışı ilə bağlı şübhəli həbs olunub

Lockerbi partlayışı ilə bağlı şübhəli həbs olunub

1988-ci ildə Şotlandiyanın Lokerbi şəhəri səmasında sərnişin təyyarəsinin partladılmasında əli olmaqda şübhəli bilinərək nəzarətə götürülən Liviya vətəndaşı Əbu Aqila Məsud hazırda ABŞ-da həbsdədir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə bazar günü Şotlandiya hakimiyyəti məlumat yayıb.

Qeyd edək ki, hələ iki il əvvəl ABŞ-da rəsmi olaraq Məsudun 1988-ci il dekabrın 21-də “Pan American” aviaşirkətinə məxsus “Boeing 747”-ni partlatmaq üçün partlayıcı qurğu hazırlamaqda ittiham olunmuşdu.

Qeyd edək ki, Londondan Nyu-Yorka uçan təyyarənin göyərtəsində əksəriyyəti ABŞ vətəndaşları olan 259 nəfərin hamısı ölmüşdü. Bundan əlavə qəza nəticəsində Lokerbi şəhərinin daha 11 sakini də yerdə ölmüşdü.

Yeri gəlmişkən Məsud Liviya kəşfiyyatının keçmiş əməkdaşıdır. Əvvəllər onun 1986-cı ildə Almaniyanın Qərbi Berlin şəhərində iki ABŞ hərbçisinin ölümünə səbəb olan “LaBelle” diskotekasının partladılmasında əli olduğu da iddia edilirdi.

Ötən ay Məsudun Liviyada müəyyən silahlı qruplaşma tərəfindən qaçırıldığı məlum olub. Eyni zamanda onun qaçırılanlar tərəfindən ABŞ-a köçürülə biləcəyi ilə bağlı təkliflər də var idi. Onun ABŞ-a necə getdiyi barədə Şotlandiya səlahiyyətliləri məlumat verməyiblər. Amma onlar Britaniya hüquq-mühafizə orqanlarının amerikalı həmkarları ilə əməkdaşlıq etdiklərini təsdiq ediblər.

Qeyd edək ki, ABŞ rəsmiləri hələlik mesajı şərh etməyiblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə