İstintaqa kömək etmək istədi, amma həbs olundu

İstintaqa kömək etmək istədi, amma həbs olundu

Krım körpüsündə baş vermiş partlayışla bağlı cinayət işi üzrə həbs edilən Sankt-Peterburq sakini Oleq Antipov özü xüsusi xidmət orqanları ilə əlaqə saxlayıb və istintaqa kömək etmək istəyib, lakin işdə təqsirləndirilən şəxs olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə onun həyat yoldaşı İrina Antipova “Meduza”ya müsahibəsində danışıb.

Qeyd edək ki, Oleq Antipovun 33 yaşı var, o, Ulyanovskda qeydiyyatda olan TEK-34 şirkətinin sahibi olub, lakin özü həyat yoldaşı və uşağı ilə Sankt-Peterburqda yaşayırdı. Onun şirkəti malların daşınması ilə məşğul olub. Antipovanın həyat yoldaşının dediyi kimi, əri iki ildən artıqdır işlədiyi şirkətdən malların daşınması üçün kommersiya təklifi alıb. Ərizəni dolduraraq daşınmanı təşkil edib.

Sonra Antipov körpüdəki partlayışla bağlı olaydan xəbər tutub. Özü də Sankt-Peterburqdakı Federal Təhlükəsizlik Xidmətinə zəng edib, malların daşınması ilə bağlı bildiklərini söyləmək üçün ora gedib. Və sistem işçilərinə onda cinayətkarları tapmağa kömək edə biləcək çox vacib məlumatlar olduğunu bildirib.

Federal Təhlükəsizlik Xidməti Antipovu bir neçə saat dindirib, eyni sualları veriblər və gecə isə məmurlar onun evinə gələrək mənzilinə baxış keçiriblər. İrina Antipova onların nəzakətli olduqlarını deyir. Axtarışdan sonra Federal Təhlükəsizlik Xidməti əməkdaşları ayrılıb və ailə “normal həyatını sürüb”.

Amma oktyabrın 14-də Federal Təhlükəsizlik Xidməti nümayəndələri yenidən onların mənzilinə gələrək, “sən Moskvaya getməlisən və sadəcə orada ifadə verməlisən” deyərək, Antipovu aparıblar. Moskvada onu saxlayıb, sonra həbs ediblər.

O, 4 saylı istintaq təcridxanasındadır, bir dəfə cərimə kamerasına salınıb, dəqiq nə olduğu bilinmir. İstintaq daha Antipov və ya vəkili ilə əlaqə saxlamayıb.

Xatırladaq ki, Krım körpüsündə partlayış oktyabrın 8-də səhər saatlarında baş verib. Müstəntiqlərin məlumatına görə, partlayıcılarla dolu yük maşını partlayıb. Nəticədə körpünün bir hissəsi uçub, yanacaqla dolu qatar yanıb. Dörd nəfər ölüb.

Rusiya prezidenti Vladimir Putin bu partlayışı terror aktı adlandırıb və bildirib ki, partlayışı törədənlər və sifarişçilər Ukrayna xüsusi xidmət orqanlarıdır. Kiyev dəfələrlə körpünü legitim hərbi hədəf hesab etdiyini bəyan etsə də, insidentlə bağlı rəsmi açıqlama verməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə