Əminə Ceppar "Mark Palmer" mükafatına layiq görülüb

Ukrayna xarici işlər nazirinin birinci müavini, Krımdan olan Əminə Ceppar “Freedom House” təşkilatının “Mark Palmer” mükafatına layiq görülüb.

Qurumun rəsmi saytında xəbər verildiyi kimi, mükafatlandırma mərasimi dekabrın 7-də baş tutub. SİA bu barədə Ukrayna saytlarına istinad edir.

Qeyd edək ki, Əminə karyerası boyu Rusiya və Sovet hakimiyyəti tərəfindən uzun müddətdir siyasi təqib və repressiyalara məruz qalmış Krım tatarlarının hüquqlarını, habelə Rusiyanın işğalçı qüvvələri tərəfindən qanunsuz həbs edilmiş ukraynalı siyasi məhbusların və jurnalistlərin hüquqlarını fəal şəkildə müdafiə edib.

Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzü zamanı o, beynəlxalq ictimaiyyəti Ukraynanı dəstəkləməyə və Krım sakinlərinin, xüsusən də Krım tatarlarının Rusiya silahlı qüvvələrinə qanunsuz məcburi çağırışını pisləməyə çağırıb.

Xatırladaq ki, “Mark Palmer” mükafatı diplomatlara və ya beynəlxalq təşkilat rəsmilərinə demokratiya və insan hüquqlarının inkişafında millətləri, vətəndaş cəmiyyətini həvəsləndirmək, onlara kömək etmək və s. xidmətlərə görə verilir.

Yeri gəlmişkən, ixtisasca jurnalist olan Emine Cepparı Rusiya məhkəməsi qiyabi həbs edib və onu Rusiya Federasiyasının ərazi bütövlüyünü pozmaq maddəsi ilə axtarışa verib.

Qeyd edək ki, Emine bunu işinin səmərəliliyinin etirafı kimi qəbul etdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə