"Taliban" Qazaxıstandan olan şirkətlə müqavilə imzalayıb

Məzari-Şərifə gedən dəmir yolunun saxlanması üçün

“Taliban” Qazaxıstanın “Mansour Fatih” şirkəti ilə Hayraton-Məzari-Şərif dəmir yolu xəttinə xidmət göstərmək üçün müqavilə imzalayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Tolonews” telekanalı xəbər verib.

Qeyd edək ki, Hayraton-Məzari-Şərif dəmir yolu xətti Özbəkistanı Əfqanıstanın dördüncü böyük şəhəri ilə birləşdirir.

Yolun 75 kilometrlik hissəsi 2010-cu ildə, əsasən, Asiya İnkişaf Bankının vəsaiti hesabına Özbəkistanın “Uzbekistan Temir Yollari” dövlət müəssisəsi tərəfindən tikilib və sonradan yolun saxlanması üçün “Soqdiana Trans” törəmə müəssisəsi yaradılıb.

2011-ci ildə bağlanmış müqaviləyə əsasən, “Soqdiana Trans” Hayraton şəhəri yaxınlığında 22 kilometr dəmir yolu relslərinin saxlanması üçün hər il 15 milyon dollar alıb. Qazaxıstanın “Mansour Fatih” şirkəti isə ildə 4,1 milyon dollara 106 kilometr yol təmir edəcək.

Beləliklə, “Taliban” dəmir yolu xəttinin bir seqmentinin saxlanması üçün əvvəlkindən üç dəfə az pul ödəyəcək.

Xatırladaq ki, 2020-ci ildə Soqdiana Trans” əməkdaşının avtomobili Hayraton ətrafında hücuma məruz qalmışdı. Belə ki, həmən vaxt fəhlələri müşayiət edən Əfqanıstan Xalq Mühafizə Qüvvələrinin əsgəri həlak olmuş, Özbəkistan vətəndaşı isə yaralanmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə