ABŞ tarixində rekord səviyyədə olan müdafiə büdcəsi

Artıq xəbər verildiyi kimi, ABŞ Senatı ölkənin 2023-cü il müdafiə büdcəsini təsdiqləyib. Qeyd edək ki, bu, əvvəllər Nümayəndələr Palatası tərəfindən də təsdiqlənmişdi. Beləliklə, büdcə 847,3 milyard dollar, o cümlədən Ukraynaya hərbi yardım üçün 800 milyon dollar təşkil edəcək.

Qeyd edək ki, bu müdafiə büdcəsi layihəsi ABŞ tarixində ən böyük layihə ola bilər. İndi konqresmen və senatorlar razılaşdırılmış sənədə səs verməli və bundan sonra onu prezident Cozef Bayden imzalamalıdır.

Deyildiyi kimi, Ukrayna və NATO-ya yardım genişləndirilir.

Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü genişləndirilir və hətta dəyişdirilir. Belə ki, 2023-cü maliyyə ilində əlavə 800 milyon dollar yardımı təsdiq edirlir.

Maraqlıdır ki, ABŞ Senatının layihəsi həmçinin Rusiyanı Avropada “cilovlamaq” üçün 6 milyard dolların ayrılmasını da nəzərdə tutur. Bununla bağlı Moskva ilə hərbi əməkdaşlığa qoyulan qadağanın müddəti daha beş il uzadılır. Eini zamanda Rusiya Federasiyasının beynəlxalq təşkilatlardan, o cümlədən G20-dən də xaric edilməsi tələb edilir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, büdcə layihəsində Rusiya ilə əhəmiyyətli qızıl əməliyyatlarında bilərəkdən iştirak edən şəxslərə, o cümlədən Rusiya Federasiyası Mərkəzi Bankının ölkədən kənarda yerləşən ehtiyatlarından qızıla qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi nəzərdə tutulur. Layihə həmçinin Rusiyanın enerji təchizatından asılılığın azaldılması təşəbbüslərini də nəzərdə tutur.

Yeri gəlmişkən xatırladaq ki, 2021-ci ildə ABŞ-ın müdafiə büdcəsi 740,5 milyard dollar təşkil edib. Bundan əlavə, Rusiyanı Avropada cilovlamaq və Ukraynaya dəstəyi artırmaq təşəbbüslərinə 4 milyard dollar ayrılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə