Ukraynanın üç regionunun enerji infrastrukturuna zərbələr endirilib

Dekabrın 5-də Ukraynaya raket hücumları nəticəsində üç regionun enerji obyektlərinə zərbələr qeydə alınıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal teleqram səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bu gün Rusiya Ukraynanı yenidən qaranlığa və soyuğa qərq etməyə çalışıb, lakin hava hücumundan müdafiə sayəsində bu plan iflasa uğrayıb. “Ölkənin enerji sistemi işləyir və toxunulmaz olaraq qalır. Kiyev, Vinnitsa, Odessa vilayətlərində elektrik obyektlərində qəzalar olub. Bəzi regionlarda enerji sisteminin işini nizamlamaq və qəzaların qarşısını almaq üçün fövqəladə dayandırmalar tətbiq etmək məcburiyyətində qalınıb", - deyə Baş nazir bildirib.

O vurğulayıb ki, xilasedicilər və energetiklər hücumun nəticələrini aradan qaldırmaq üçün çalışırlar.

Ukrayna Prezidenti Volodimir Zelenski isə açıqlamasında bildirib ki, hava hücumundan müdafiə qüvvələri Ukraynaya atılan raketlərin əksəriyyətini zərərsizləşdirib.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujni isə dekabrın 5-də Ukrayna ərazisinə Rusiya ordusu tərəfindən 70 raketin atıldığını, onlardan 60-nın zərərsizləşdirildiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə