Proqnoz: Gələn il “Brent” markalı neftin qiyməti 90 dollar olacaq

“JPMorgan Chase & Co” bankının analitikləri “Brent” markalı neftin barrelinin 2023-cü il üçün orta qiymət proqnozunu əvvəllər gözlənilən 98 dollardan 90 dollara endirib. Həmçinin qiymət həddi mexanizmi qüvvəyə mindikdən sonra Rusiyanın neft hasilatında azalma gözlənildiyi bildirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bankın ekspertlərin fikrincə, Rusiyada neft hasilatı qiymət məhdudiyyəti ilə əlaqədar 2023-cü ilin birinci rübündə sutkada 500 min barel azalacaq, ilin ikinci yarısında sutkalıq 10 milyon barel səviyyəsində sabitləşəcək.

Avropa İttifaqının Rusiya neftinin qiymət tavanının bir barel üçün 60 dollar səviyyəsində müəyyən edilməsi barədə qərarı dekabrın 5-də qüvvəyə minib. 2023-cü ilin əvvəlindən başlayaraq qiymət həddi mexanizmi bazarda baş verən dəyişikliklər nəzərə alınmaqla hər iki aydan bir nəzərdən keçiriləcək. Rusiya nefti və neft məhsullarına qiymət məhdudiyyəti orta bazar qiymətindən azı 5 faiz aşağı müəyyən ediləcək. Oxşar limit G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) və Avstraliya tərəfindən də tətbiq olunub.

Bu gün Londonun “ICE Futures” birjasında keçirilən hərracın gedişində “Brent” markalı neftin fevral fyuçersləri 2,38 dollar (2,78 faiz) bahalaşaraq barreli 87,95 dollara satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə